"Başqa ölkələrdən alınan təlimatlarla hərəkət edirlər" - MÜNASİBƏT BİLDİRİLDİ

4 Fevral 2025 11:50 (UTC+04:00)

"Qusarda Dövlət Təhlükəsizliyi Xidməti və müvafiq mühafizə orqanlarının keçirdiyi əməliyyat, təbii ki, çox vacib tədbirlərdən xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu, ölkənin təhlükəsizliyinin qorunması istiqamətində müvafiq qurumlarımızın nə qədər həssas davrandığını göstərir: "Ona görə də atılan addımları hər halda ölkənin bu şərtlərdə daha çox gələn təhlükələrin vaxtında önlənməsi baxımından vacib sayıram. Bu, həm də onu göstərdi ki, indiki mərhələdə sərhədlərin bağlı olması bizi bir çox təhlükələrdən qoruyur. Hesab edirəm ki, bəzən bu arqumenti qəbul etməyən insanlar da başa düşməlidirlər ki, birinci növbədə bu gün Azərbaycanın qarşısında duran məsələlər vətəndaşların təhlükəsizliyi, ölkənin təhlükəsizliyidir. Çünki hər hansı şəkildə baş verən qarışıqlıqlar birinci növbədə zərbəsini bizə vurur. Biz bunun qarşısını almaq üçün hər zaman ayıq-sayıq olmalıyıq.

Bu əməliyyatlar da onu göstərir ki, müxtəlif radikal təmayüllü dini qüvvələr müəyyən planlaşdırmalarını hələ də təxirə salmayıblar. Azərbaycanı qarışdırmaq üçün başqa ölkələrdən alınan təlimatlarla hərəkət edirlər. Buna görə də bizim bu kimi məsələlərdə ciddi addımlar atmağımız zəruridir".