ÜST: ABŞ təşkilatı tərk etsə, büdcəyə dəyişiklik ediləcək

3 Fevral 2025 21:40 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr təşkilatın büdcəsinin 400 milyon dollar azaldılması məsələsini nəzərdən keçirəcək.

SİA xəbər verir ki, bu barədə bazar ertəsi dərc olunan sənəddə qeyd olunub.

Büdcənin azaldılmasının səbəbi ABŞ Prezidenti Donald Trampın ölkəsinin ÜST-dən çıxarılma proseduruna başlaması ilə bağlı qərarıdır. ABŞ təşkilatın ən böyük donorudur.

Təşkilatın Baş direktoru Tedros Adanom Qebreyesus aparılmış islahatlardan danışıb, ABŞ hökumətini qərarına yenidən baxmağa və mümkün dəyişiklikləri müzakirə etməyə çağırıb.

Üzv ölkələrin nümayəndələri fevralın 3-dən 11-nə kimi Cenevrədə keçiriləcək iclasda büdcənin azaldılması məsələsini, 2026-2027-ci illər üçün təşkilatın maliyyələşməsini və fəaliyyətini müzakirə edəcəklər.

Bazar ertəsi dərc olunan sənədə əsasən ÜST İcra Komitəsi əsas proqramların büdcəsini 5,3 milyard dollardan 4,9 milyard dollara azaltmağı təklif edir.

“Ən böyük maliyyə donoru təşkilatdan çıxdıqdan sonra büdcəyə dəyişiklik edilməsi labüddür”, - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, ÜST-nin ümumi büdcəsinin 18 faizi ABŞ-ın payına düşür.