“ASAN xidmət”in səyyar avtobusu Yevlaxda

3 Fevral 2025 19:59 (UTC+04:00)

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu fevralın 3-dən başlayaraq Yevlax şəhərində sakinlərə səyyar xidmət göstərir. Məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Yevlax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Vətəndaşlara tibb, bank (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) xidmətləri, həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi xidmətləri göstərilir. Bundan əlavə, şəhər sakinləri yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər xidmətlərdən yararlanırlar.

“ASAN xidmət”in səyyar avtobusu Yevlaxda fevralın 26-dək xidmət göstərəcək.