14 fevral, yoxsa 30 iyun: Sevmək üçün "gün" lazımdırmı? - PSİXOLOQ İZAH ETDİ

3 Fevral 2025 14:32 (UTC+04:00)

"14 fevral Beynəlxalq Sevgililər Günüdür. Bu günü insanlar demək olar ki, illərlə qeyd edirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, Sevgililər Günü tam araşdırılsa ki, nə üçün 14 fevrala təsadüf edir, bununla bağlı müxtəlif mənbələr, fikirlər var: "Düşünürəm ki, o zaman insanlar bu günü qeyd etməyəcəklər. Təəssüflər olsun ki, insanların əksəriyyəti bu günü araşdırmadan qeyd edirlər. Amma sevginin günü yoxdur. Sadəcə bəzi insanlar var ki, onu özəlləşdirirlər, bəzən düşünürlər ki, hamı bu günü qeyd edirsə, biz də qeyd edək. Düşünürəm ki, artıq Azərbaycan xalqı özü üçün Sevgililər Gününü 30 iyun tarixində seçib. Əlbəttə ki, əsl sevgi üçün gün yoxdur. Sadəcə bəzi cütlüklərdə bir il ərzində bir günü gözləmək, ona xüsusi hazırlaşmaq istəyi olur. Burada əsas məsələ psixoloji məsələlərdir ki, insanlar həmin günü xüsusi hazırlaşırlar, bəlli olur ki, kimin həyatında sevgilisi var, kimin yoxdur və sair. Bununla bağlı ola bilər ki, insanlar üçün maraqlı olsun, motivasiya versin".

Sevgililər onsuz da, daim bir-birinə hədiyyə verir. Məhz bu gün hamı hədiyyə verir deyə, daha fərqli hədiyyələr verib sosial şəbəkələrdə paylaşırlar. Yenə də müasir dövrün tələbatlarına uyğun gəlir. Müasir dövrdə tələbatlar odur ki, hədiyyələri paylaşılır. Bu şəkildə paylaşımlar olur deyə insanlarda buna qarşı xüsusi maraq yaranır. Amma insanların hamısı bu günü qeyd etdiyi üçün daha çox dəbə minib. Amma əsl sevən üçün gün yoxdur. İstədiyi vaxt hədiyyə ala bilir, istədiyi vaxt sevindirə bilir. Məsələn, bir gün qadınlar günü də var. O günü hər kəs gözləyir ki, gözəl geyinsinlər, bir-birinə hədiyyə versinlər. Bu günlər sadəcə motivasiya vermək və rutin həyatdan çıxmaq üçün bir vasitədir" - deyə o, əlavə edib.