Bakıda maşın və iki moped qaçırıldı

3 Fevral 2025 13:58 (UTC+04:00)

Paytaxtın Nizami rayonu ərazisində “Honda” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. SİA xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 44 yaşlı S.Əsədov müəyyən olunaraq saxlanılıb.

Keçirilən digər tədbirlə isə rayon ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinənlər 18 yaşlı F.Əliyev və bir nəfər yeniyetmə də müəyyən olunaraq saxlanılıblar.

Nərimanov rayonu ərazisində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən 26 yaşlı Ş.Şixəliyev və 23 yaşlı Ş.İsmayılov da müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.