Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları

3 Fevral 2025 11:43 (UTC+04:00)

Fevralın 22-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda çıxış edəcək Azərbaycan idmançıları bəlli olub. Bu barədə SİA-ya Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkəni qadınlar arasında Dünya Kubokunun gümüş mükafatçısı, FIG Kubokunun sahibi Selcan Mahsudova və batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin qalibi Şəfiqə Hümbətova, kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edəcək.

Yarışda ilk dəfə batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər mübarizə aparacaq.

Tamblinq üzrə yarışa isə komanda hesabında dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qalibi Aleksey Karataşov qatılacaq.

Qeyd edək ki, Dünya Kubokunda 16 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.