"İnsan özü müdaxilədən çəkinməlidir" - EKSPERT DETALLARI AÇIQLADI

3 Fevral 2025 10:39 (UTC+04:00)

"Qumbara tapdığımız zaman özümüzün və ətrafımızdakıların həyat və sağlamlığını qorumaq üçün bir sıra təhlükəsizlik qaydalarına riayət etməklə təhlükəli davranışlardan çəkinməliyik". Bu sözləri SİA-ya açıqlamasında Həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ekspert Orxan Musayev deyib.

Onun sözlərinə görə, qumbaraya yaxınlaşmaq, əllə toxunmaq, hər hansısa bir müdaxilə etmək həyatımız üçün təhlükəli ola bilər: "Hətta köhnə görünən qumbara belə hər an partlama təhlükəsi ilə bizi üz-üzə qoya bilər".

Orxan Musayev sözlərinə belə davam edib: "Qumbaranın yaxınlığında mobil cihazlardan, elektron vasitələrdən istifadədən çəkinmək lazımdır. Belə ki, bəzən elektromaqnit dalğalar qumbaranın partlamasına təkan verə bilir. Aşkarlanan qumbaradan çalışdığımız qədər uzaq məsafəyə, minimal 100-150 metr uzaqlığa doğru hərəkət etməliyik. Zaman itirmədən Fövqəladə Hallar Nazirliyinə (FHN) bununla bağlı məlumat verilməlidir. FHN-nin xüsusi xidməti tərəfindən qumbaranın zərərsizləşdirilməsi üçün tədbirlər görüləcəkdir. Ətrafda olan insanları da təhlükə ilə bağlı məlumatlandırmaq lazımdır. Unutmaq lazım deyil ki, qumbara və bu cür partlayıcı vasitələrə insan özü müdaxilədən çəkinməli, FHN-nə məlumat verməli və təhlükəli davranışlara yol verməməlidir".

Ayşən Vəli