Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşah oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, kursant yoldaşları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.
Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Sonra şəhidlərimizin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosujetlər nümayiş etdirilib.
Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.