Zəngəzur dəhlizinin açılması ilə tarixi ədalət bərpa olunacaq -RƏY

31 Yanvar 2025 17:54 (UTC+04:00)

Yanvarın 28-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və onun ətraf ərazilərində nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə bildirilib ki, son illərdə Bakıda nəqliyyat problemlərinin həlli istiqamətində bir sıra iri infrastruktur layihələri icra edilib. Yeni metro stansiyaları, yol qovşaqları, körpü və tunellər inşa edilsə də, paytaxtda tıxac problemi hələ də mövcuddur və illər keçdikcə daha da artır. İclasda bu problemi həll etmək məqsədilə yeni dövlət proqramının qəbul olunacağı açıqlanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, müşavirədə ictimaiyyətin diqqətini çəkən ən vacib məsələ Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezident İlham Əliyevin fikirləri idi. Hər kəsə məlumdur ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini təsdiq etməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına da zəmin yaradıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalıdır. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının bir hissəsidir və onun yerinə yetirilməsi beynəlxalq hüquqi öhdəlikdir.

“Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısını təmin etməlidir. Lakin Ermənistan bu öhdəliyə əməl etmir, müxtəlif bəhanələr gətirərək prosesin qarşısını almağa çalışır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistanın ortaya atdığı “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız heç bir dəyəri yoxdur və bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir: Azərbaycandan Azərbaycana maneəsiz keçid təmin olunmalıdır", - deyə deputat qeyd edib.

O əlavə edib ki, Zəngəzur dəhlizinin açılması tarixi ədalətin bərpası olacaq. Qərbi Zəngəzur 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılaraq xalqımıza qarşı cinayət törədilib. Bu gün isə Azərbaycan xalqı Zəngəzuru unutmamış və unutmur. Dəhlizin açılması yalnız ölkəmizin deyil, ümumilikdə regionun iqtisadi inkişafına və nəqliyyat infrastrukturunun modernləşməsinə mühüm töhfə verəcək.

"Türkiyə də bu məsələdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəkləyir. Qarabağ müharibəsində olduğu kimi, Türkiyə Zəngəzur dəhlizinin açılması istiqamətində də Azərbaycanın yanında olduğunu bəyan edib. Bu dəhliz nəqliyyat əlaqələrini gücləndirəcək, yeni iqtisadi imkanlar yaradacaq və regionun inkişafına mühüm töhfə verəcək", - deyə deputat vurğulayıb.

Ş.Seyidzadə sonda qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu tarixi layihəni həyata keçirməkdə israrlıdır və bu istiqamətdə konkret addımlar atılmaqdadır. Zəngəzur dəhlizinin açılması Azərbaycanın suveren hüququdur və bu, gec-tez reallığa çevriləcək.