Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb

31 Yanvar 2025 17:25 (UTC+04:00)

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla, son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2 002 kilometr və ya 12 dəfəyədək artıb. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, 2004-cü ildə ölkədə I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 187 kilometr təşkil edirdi.

Hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 km təşkil edir.

Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsini təşkil edən Şimal-Cənub və Şərq-Qərb (İpək yolu) magistral avtomobil yolları birinci texniki səviyyədə yenidən qurulub, yol üzərində tikilmiş müxtəlif səviyyəli qovşaqlar hesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkəti təmin edilib və bütün dəhlizlər vasitəsilə 2024-cü il ərzində 7 milyon tondan çox yük daşınıb.