Unutmamışıq… - TARİX VƏ BİZ

31 Yanvar 2025 15:40 (UTC+04:00)

Prezidentin Qarabağ xanı, Zəngəzur və 20 Yanvar faciəsi barədə dediklərinə sözardı

Son 200 yüz ildə Azərbaycanın yerləşdiyi coğrafiyada hansı hadisələr cərəyan edib, hansı böyük imperiyalar, xanlıq və xaqanlıqlar, sultanlıqlar necə izləri buraxıb, bizə hansı mirası qoyub tarixə qovuşublar? Bu mərhələlərdə başımıza hansı müsibətlər gəlib, yaxud gətirilib, hansı məhrumiyyətlərə qatlanmışıq, itirmişik, itirilmişik, amma yox olmamışıq. Günahkarlar, cinayətkarlar, qəsbkarlar, işğalçılar görmüşük bu dönəmlərdə. Ox-kaman dövründən ta top-tüfəng zamanına qədər qarşımızda cildini dəyişmiş bir düşmənimiz olub. Müasir dillə, terminlə desək “proksi” qüvvələrlə bizimlə savaşanların adını da, zatını da yaxşı tanıyırıq, bilirik. Bu gün də bizimlə qonşudurlar, bizə dost, hətta 70 il bizə qardaş olduqlarını deyirdilər. Səhv atdığı addımını basanda isə…

Bəli, onun əsl üzünü onda görmüşük. Bir anın içindəcə bütün resursları ilə üstümüzə gəliblər, bizə hər an keçmişi xatırladıblar. Bir sözlə “çörəyi həmişə dizinin üstündə” olub. Ayağa duran kimi yerlə bir edib, hayıfını isə yenə bizdən çıxmağa çalışıb. Yox, biz aciz olmamışıq, sadəcə döyüşdə də, dostluqda da qaydalara əməl etmişik. Qarşılığında xəyanətə tuş gəlmişik, şovonizmin ən qatı üzünü görmüşük. Və nəhayət bütün bunlardan sonra ayağa qalxmağı, həm də fərqli durmağı, mərd durmağı bacarmışıq. 200 ildə itirdiklərimizin az bir hissəsi də olsa geri qaytara bilmişik. İtirilmiş torpaqlarımızda at çapan düşməni “iti qovan kimi” buralardan qovmuşuq. Öndəki düşmən azacıq “ağıllansa” da, onun maşasını tutanlar hələ peşimizi buraxmaq istəmirlər. Həmin qüvvələrin həyat tərzinə çevrilmiş ikili standartlarla bizi yenidən haqsız duruma salmaq istəyirlər.

Tarixi xatırlatma

“...Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında deyib.

Dövlət başçısı bəlli dövlətlərə və onların rəsmi dairələrinə çox önəmli mesajlar verməklə yanaşı, həm də xalqımızı ayıq-sayıq olmağa çağırır. Tarixdən dərs çıxarmağımızı, bir olmağımızı, kənar müdaxilələrə qarşı birlik nümayiş etdirməyimizi istəyir. Əks təqdirdə yenə itirə bilərik.

Qarabağ xanı niyə öldürüldü?

Tarixin qara səhifələrindən: 1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Pavel Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi. 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.

İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi. 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən Mehdiqulu xana general-mayor rütbəsi verildi. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getdi. Bununla da Qarabağ xanlığı ləğv olundu.

Zəngəzuru necə itirdik, yaxud əlimizdən necə aldılar?

Bu gün Ermənistan üçtərəfli Bəyanatın müvafiq bəndini həyata keçirməkdən faktiki imtina edir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılması razılaşdırılıb. Bəyanatın imzalanmasından 4 ildən artıq vaxt ötsə də rəsmi İrəvan hələ də şərtlərə əməl etmək niyyətində deyil. Bəlkə xatırlatma etsək, ermənilərin yaddaşını bir daha təzələsək “dayanmış qatarı yerindən tərpədə” bilərik.

Bunun üçün tarixi vərəqləmək, hər hadisəyə yenidən baxmaq, səhvlərimizi saf-çürük etmək lazımdır. Bəs XX əsrin əvvəllərində Azərbaycanda nə baş vermişdi? Yenə tarixi sənədlərə müraciət edək. Prezident Kitabxanasında bu tarix olduğu kimi sənədləşdirilib:

1920-ci il aprelin 28-də Azərbaycanlıda Sovet hakimiyyəti qurulduğu zaman Zəngəzur qəzasının ərazisinin xeyli hissəsi erməni silahlı dəstələrinin nəzarəti altında idi. Rusiyadan Azərbaycana daxil olan bolşevik ordusunun hissələri Bakını işğal etdikdən sonra Qarabağa və Zəngəzura doğru istiqamət götürmüşdü. Bolşevik qoşunlarının bu istiqamətdə hərəkəti daşnak Ermənistanını ciddi narahat edirdi.

Bolşeviklərin Azərbaycanda hakimiyyəti ələ keçirmələrindən sonra Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri seçilsə də, real hakimiyyət qeyri-azərbaycanlıların əlində idi. N.Nərimanov təkbaşına bu cür qüvvələrə qarşı mübarizə aparmaq və qələbə çalmaq iqtidarında deyildi. Bunu sonralar N.Nərimanovun özü də etiraf etmişdi.

1920-ci il aprelin 30-da Azərbaycan sovet hökuməti Ermənistanın daşnak hökumətinə nota verərək ondan Qarabağ və Zəngəzur ərazilərini erməni silahlı dəstələrindən təmizləməyi, Ermənistan qoşunlarının öz sərhədlərinə çəkilməsini təmin etməyi, millətlərarası qırğını dayandırmağı tələb etmişdi. Əks təqdirdə, Azərbaycan özünü Ermənistanla müharibə vəziyyətində hiss edəcəyi bəyan edilmişdi. Mayın 1-də Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsi Sergey Kirovun, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun rəhbəri Sergey Orconokidzenin və 11-ci Qırmızı ordunun komandanı Mixail Levandovskinin imzası ilə Ermənistan hökumətinə göndərilən teleqramda tələb edilmişdi ki, Ermənistan hökuməti 24 saat ərzində öz qoşunlarını Azərbaycandan çıxarsın.

Ermənistan hökuməti həmin dövrdə Rusiyanın xalq xarici işlər komissarı Georgi Çiçerinin Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeyindən xəbərdar idi. Bu mövqeyin formalaşmasında G.Çiçerinin milliyyətcə erməni olan müavini L.Qaraxan (Lev Mixailoviç Qaraxanyan) mühüm rol oynayırdı. Ermənistan Xarici İşlər Nazirliyindən aprelin 30-da G.Çiçerinə göndərilən teleqramda Qırmızı ordu əsgərlərinin Qarabağ və Zəngəzur istiqamətində irəlilədiyi, bu yolla da Türkiyə ilə birləşməyə çalışdığı qeyd edilirdi. Ermənistanın xarici işlər naziri Hamazasp Ohancanyan mayın 3-də Azərbaycan xalq xarici işlər komissarının müavini Mirzə Davud Hüseynova göndərdiyi teleqramda Qarabağ və Zəngəzuru Ermənistanın bir hissəsi saydığını və Azərbaycan hərbi hissələrinin orada yerləşməsindən narahatlığını ifadə etmişdi. H.Ohancanyan həmin teleqramda bildirirdi ki, guya heç vaxt Zəngəzurda Azərbaycan hakimiyyəti mövcud olmamışdır, həmin ərazi guya Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə olunur və əhali həmin ərazini Ermənistanın ayrılmaz tərkib hissəsi hesab edir
Ermənistandakı daşnak hökumətinin belə ötkəm davranışının arxasında Rusiyanın bəzi dairələrinin onu dəstəkləməsi dayanırdı. Rusiyanın xalq xarici işlər komissarının müavini L.Qaraxan mayın 15-də İrəvana və Bakıya teleqram göndərərək, Rusiyanın Ermənistan və sovet Azərbaycanı arasında mübahisəli məsələlərin həllində vasitəçilik rolunu öz üzərinə götürdüyünü bildirmişdi.

Rusiya rəhbərliyi Naxçıvan, Zəngəzur və Qarabağın sovet ordusu tərəfindən tutulacağını əvvəlcə bəyan etsə də, ermənilərin silah gücünə ələ keçirdikləri Azərbaycan ərazilərini azad etmək üçün səy göstərməmişdi. Azərbaycan İnqilab Komitəsinin 18 may 1920-ci il tarixli dekreti ilə Qarabağ və Zəngəzur qəzalarında fövqəladə komissar vəzifəsi təsis edilmişdi. Sonradan Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Siyasi Bürosunun 1920-ci il 26 avqust tarixli qərarı ilə isə Əliheydər Şirvani (Mustafabəyov) fövqəladə komissar, erməni Armenak Qaragözöv isə onun müavini təyin edilmişdi.

Daşnak terrorçuları

Qarabağa gələn S.Orconokidze yerli əhalinin əhval-ruhiyyəsi ilə tanış olduqdan sonra iyunun 19-da G.Çiçerinə göndərdiyi teleqramda bildirirdi ki, Qarabağ və Zəngəzur özlərini Azərbaycan Sovet Respublikasının tərkib hissəsi hesab edirlər. Həmin vaxt N.Nərimanovun, Qafqaz Bürosunun üzvü Budu Mdivaninin Azərbaycan K(b)P MK-nın üzvü Anastas Mikoyanın və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Avis Nuricanyanın G.Çiçerinə və S.Orconokidzeyə ünvanladıqları teleqramda isə yazılırdı: “Artıq Sovet Azərbaycanının tərkibinə daxil olan, guya mübahisəli sayılan Zəngəzur və Qarabağa gəldikdə isə qətiyyətlə bildiririk ki, bu yerlər mübahisəsizdir və bundan sonra da Azərbaycanın hüdudları daxilində olmalıdırlar”. Lakin hadisələrin inkişafı göstərdi ki, G.Çiçerin Azərbaycan rəhbərliyinin mövqeyi ilə razılaşmamışdır. G.Çiçerin iddia edirdi ki, N.Nərimanov Rusiyanın silahlı qüvvələrinin Qarabağı, Zəngəzuru və Naxçıvanı tutub Azərbaycana hədiyyə etməsini istəyir və buna əsla yol vermək olmaz.

1920-ci ilin may-iyun aylarında daşnak Ermənistanı ilə Sovet Rusiyası arasında Moskvada danışıqlar gedirdi. Ermənistan nümayəndə heyətinə Levon Şant (Seqbosyan), Rusiya nümayəndə heyətinə isə G.Çiçerin və L.Qaraxan rəhbərlik edirdilər (hər iki tərəfdə erməni – müəllif). L.Qaraxanın diktəsi ilə hərəkət edən G.Çiçerin V.Leninə bildirmişdi ki, Ermənistan nümayəndə heyəti heç bir vəchlə Qarabağ mahalından savayı Ermənistanın hakimiyyəti altında olan digər yerlərin Rusiyanın tabeçiliyinə könüllü verilməsinə razı deyil.

S.Orconokidze G.Çiçerinə göndərdiyi 19 iyun 1920-ci il tarixli teleqramda yazırdı ki, Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti elan olunmuşdur və yuxarıda göstərilən ərazilərin sakinləri özlərini Azərbaycan Sovet Respublikasının hissəsi sayırlar. Lakin sonradan S.Orconokidzenin mövqeyində ciddi dəyişiklik yaranmışdı. Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana verilməsində həmin dövrdə Rusiyanın daşnak Ermənistanındakı nümayəndəsi Boris Leqranın da xüsusi rolu olmuşdu. 1920-ci il iyulun 10-da B.Leqranın iştirakı ilə Azərbaycan K(b)P MK Bürosunda “Qarabağdan məruzə” dinlənilmişdi. Məruzədə qeyd edilirdi ki, Zəngəzur Ararat (Ermənistan) qoşunları tərəfindən viran qoyulmuşdur, daşnakların dayağı Türkiyə qaçqınlarıdır. Hansı ki, həmişə ingilis-amerikan kapitalı ilə bəslənmişlər, general Dro öz dəstəsi ilə Qarabağdan Zəngəzura qaçmışdır və erməni kəndliləri Ermənistanın tərkibinə daxil olmaq istəmirlər.

İyulun 14-də S.Orconokidze B.Leqranla birlikdə Bakıdan G.Çiçerinə aşağıdakı məzmunda teleqram göndərmişdilər: “Məsələni Azərbaycanı qismən təmin edə biləcək belə bir qaydada həll etməyi zəruri sayırıq: Qarabağ tamamilə və danışıqsız Azərbaycana birləşdirilir. Zəngəzur mübahisəli ərazi hesab olunur. Qalan vilayətlər Ermənistanda qalır”.

Qırmızı ordu

İyulun 28-də 11-ci ordunun hissələri Gorus-Şahbuz-Cəhri istiqamətində Naxçıvana daxil olmuş, elə həmin gün orada Sovet hakimiyyətinin qurulduğu elan edilmişdi. Avqustun 3-də Dronun dəstəsi bolşevik qoşunlarının 32-ci diviziyasına hücum edərək Gorusu ələ keçirmişdi. Avqustun 5-7-də 11-ci ordunun hissələri ciddi hazırlıqdan sonra Dro və Njdehin hərbi qüvvələrini qovaraq Sisyan və Qafanı, avqustun 9-da isə Gorusu azad etmişdilər. Dronun dəstələrinin qalıqları yenidən Dərələyəzə çəkilmişdi. Njdehin qoşunu isə Meğri rayonu ərazisində özünə mövqe tutmuşdu.

Avqustun 10-da İrəvanda sovet Rusiyası ilə daşnak Ermənistanı arasında sülh sazişi imzalanır. Sazişin 3-cü bəndində qeyd edilirdi ki, sovet qoşunlarının mübahisəli əraziləri tutması həmin ərazilərin hüquqi cəhətdən Azərbaycana və yaxud Ermənistana aid olması məsələsini həll etmir. Yəni bu sazişlə sovet Rusiyası Zəngəzurun sovet Azərbaycanının tərkib hissəsi olmasını qəbul etmədiyini göstərirdi və bu addımı ilə Antanta ilə əməkdaşlıq edən Ermənistanı öz tərəfinə çəkmək istəyirdi.

Qərb dövlətlərindən və Sovet Rusiyasına qarşı vuruşan çar ordusunun komandanı general Vrangeldən xeyli miqdarda silah-sursat aldıqdan sonra Ermənistan silahlı qüvvələri general Dronun komandanlığında yenidən Dərələyəzdən Zəngəzura hücum edib, Gorusu bir daha ələ keçirmişdi. 1920-ci il sentyabrın əvvəllərində Njdeh özünü Zəngəzurdakı bütün erməni silahlı dəstələrinin baş komandanı elan etmişdi.

Azərbaycan K(b)P MK Siyasi Bürosunun noyabrın 4-də İ.Stalin və S.Orconokidzenin iştirakı ilə keçirilən iclasında Rusiya ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan müqavilədə Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsi məsələsinə kəskin etiraz bildirilmişdi.

Ermənistan Xalq Komissarları Soveti 20 iyul 1921-ci ildə Ermənistanın 8 qəza 33 nahiyədən ibarət inzibati-ərazi bölgüsünü təsdiq etdi. Həmin inzibatı bölgüdə Zəngəzur qəzası yox idi. Avqustun 31-də isə yeni 9-cu qəza – mərkəzi Gorus şəhəri olmaqla Zəngəzur qəzası yaradıldı. Azərbaycan isə öz növbəsində Zəngəzurun qərb hissəsini (Gorus, Sisyan, Qafan rayonlarını və Meğri rayonunun bir hissəsini) öz inzibatiərazi bölgüsündən çıxartdı. Bununla da Zəngəzur iki hissəyə bölündü və onun qərb hissəsi Ermənistana birləşdirildi.

Bəli, bolşeviklərin subyektiv, heç bir fakta, tarixə, xəritəyə, kitaba söykənməyən utopiya məhsulu Zəngəzur, Dərələyəz, Göyçə və digər Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. ANTANTA hərbi blokundan dəstək alan ermənilər – qondarma “Ararat Respublikası”nın rəhbərləri öz ərazilərini genişləndirmək üçün bolşevik Rusiyası ilə savaş imitasiyası edir, hazırlıqlar görürdülər. Bolşeviklər isə hakimiyyətlərini genişləndirmək naminə Azərbaycanın böyük bir ərazisini, o cümlədən Zəngəzir mahalını dədələrinin malı kimi ermənilərə peşkəş verdilər. Təki sovetlərin planı həyata keçsin, təki Lenin bir “molodes” desin.

V.VƏLİYEV
P.S. Məqalədə arxiv sənədlərindən istifadə olunub