"Sosial şəbəkələr insanların ikinci həyatı kimi formalaşıb, hətta bəzi insanlar real həyatdan çox sosial şəbəkələrdəki həyata daha çox vaxt ayırırlar. Bu şəbəkələrdən həddindən artıq istifadə istər fiziki, istərsə də, psixoloji problemləri özü ilə gətirir". Psixoloq Fidan Hüseynova bu barədə SİA-ya açıqlama verib.
Psixoloq bu aslılığın zərərlərindən bəhs edib: ”Kiberasılılıq günümüzün aktual problemlərindən biridir. Bu asılılıq psixoloji problemlərə gətirib çıxara bilər. Bunlara diqqət əskikliyi sindromu, obsessiv kompulsiv pozuntu, yaddaş zəifliyi və stress kimi narahatlıqlar daxildir. Bir neçə elmi əsasa dayanaraq söyləyə bilərəm ki, hər gün mütəmadi olaraq 5 saatdan çox qadjetlərdən istifadə depressiyaya səbəb ola bilər, hətta sui-qəsd düşüncələrinə gətirib çıxara bilər.
Texnikanın bu qədər inkişafı bizim işlərimizi və həyatımızı asanlaşdırsa da, zərərlərdən də yan keçmək mümkün olmur. Artıq hər bir insanın sosial şəbəkələrdə hesabı var və bu hesablar bəzən faydalı işlərə kömək etsə də, çox hallarda bizim üçün zərərli hala gəlir. Xüsusən son zamanlar azyaşlıların da sosial şəbəkələrə qoşulması onların inkişafına mənfi təsirlərin olmasını qaçılmaz edir. Tək bunlarla sosial şəbəkələrin zərərləri bitmir".
Psixoloq sosial şəbəkələrdən məhdudiyyətli vaxt limiti çərçivəsində istifadə etməyin vacibliyini vurğulayıb: ”Mütəmadi olaraq 2 saatdan çox istifadə etməmək tövsiyə edilir. Zamanımızı daha çox açıq havada, səriştəli şəkildə keçirməliyik. Mütaliəyə və zamanımızı düzgün istifadə etməyə fokuslanarsaq, həll yolları taparıq”.
Ayaz Zeynalzadə