"Hazırda həm iqtisadi aspektdən, həm sosial aspektdən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şaxələndirilmə, mobilliyin artırılması inklüziv iqtisadi modelin tələblərinə uyğun olaraq həm sərnişindaşımada sürətin müvafiq standartlara uyğunlaşdırılması vacib çağırışlardan birinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, xüsusilə də paytaxt və ətrafında mobillikdə müşahidə olunan xaotik yanaşmanın aradan qaldırılması və insanların bu istiqamətdə böyük vaxt itkisinin həlli, eyni zamanda tıxac probleminin həlli, xidmət, turizm sektorunun inkişafı baxımından hava nəqliyyatı, dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi, əlçatanlığın artırılması, liberal qiymət mühitinin yaradılması çox vacib çağırışlardandır: "Artıq bu istiqamətdə konkret addımların atılmasına və fundamental islahatların həyata keçirilməsinə ehtiyac yaranıb.
Düşünürəm ki, həm keçirilən müşavirə, həm də təsdiqlənən dövlət proqramı Bakı şəhəri və ətraf bölgələrdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar dövlət proqramı müvafiq problemlərin həlli istiqamətində hökumətin bu çağırışları görməsi ilə bağlı mesaj verir. Eyni zamanda ümidlər yaradır ki, müsbət nəticələrin əldə edilməsi və vəziyyətin pozitiv istiqamətdə dinamikasına yönələn ümidlər formalaşdırsın".