“Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərin yenidənqurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir”.
İlham Əliyev
Azərbaycanda həmkarlar ittifaqları 120-ci ildir fəaliyyət göstərir. Həmkarlar ittifaqının meydana gəlməsi haqq, ədalət tələbatı ilə bağlı olub. Müxtəlif mərhələlərdə başqa-başqa sosial-iqtisadi şüarlar irəli sürsə də, orqanlarının adı, işinin forma və metodları dəyişsə də, mahiyyət etibarı ilə həmişə əməkçi insanın hüquq və mənafelərinin müdafiəçisi olaraq qalmışdır.
Ulu öndər Heydər Əliyev həmkarlar ittifaqlarının rolunu sosial institut olaraq həmişə yüksək qiymətləndirmişdir. Bununla əlaqədar Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü E.K. Liqaçov xatirələrində yazır: “1986-cı ildə SSRİ Ali Sovetində Əmək kollektivləri haqqında qanun qəbul edilərkən, Heydər Əliyev müəssisələrin idarə olunmasında əmək kollektivlərinin hüquqlarını müdafiə etdi. O, əmək kollektivlərinin həyatında həmkarlar ittifaqlarının hüquqlarının azaldılmasının əleyhinə qətiyyətlə çıxış etdi. İşçini işdən azad edərkən həmkarlar ittifaqlarının razılığının mütləq olması maddəsinin əmək qanunvericiliyində öz əksini tapmasında Heydər Əliyevin böyük rolu oldu”.
Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra bütün sahələrdə islahatlar aparılması zərurətə çevrilmişdir. Təbii ki, Həmkarlar İttifaqları da ciddi yeniliklər etməli idi.
Təəssüf ki, əksinə Azərbaycan Həmkarlar İttifaqları Şurası çalışırdı ki, köhnə qayda ilə işi davam etdirsin,Respublika Komitələrinin hüquqlarını məhdudlaşdırsın:
Bir sözlə, Respublika Komitələrini öz “çətiri” altında saxlamağa cəhd edirdi.
Unudurdular ki, hələ Sovet dövründə belə Heydər Əliyevi qayğılandıran problemlərdən biri həmkarlar ittifaqlarında təşkilatçılıq işinin bəzən düzgün qurulmaması idi. Həmin dövr ulu öndər deyirdi ki, “xırda qəyyumluğa, yerli-yersiz hesabatlar tələb etməyə yol vermək olmaz. Bu işə zərər vurur, həmkarlar ittifaqları təşkilatlarının əl-qolunu bağlayır. Həmkarlar ittifaqı fəallarında tapşırılan iş üçün məsuliyyət tərbiyə etmək və çalışmaq lazımdır ki, həmkarlar ittifaqları onların səlahiyyətinə zidd olan məsələləri müstəqil həll etsinlər”.
AHİŞ-in əsaslı dəyişikliklərə getmədiyini görən:
Hələ XX əsr 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Həmkarlar İttifaqlarının müasir statusu ilə bağlı siyasi-sosioloji tədqiqatlarda “köhnə həmkarlar ittifaqları” ilə “ yeni həmkarlar ittifaqları “ arasında dərin fikir ayrılığı daha çox elmi mübahisələr doğururdu. Gərgin ideoloji diskussiyaların nəticəsi olaraq SSRİ konstitusiyasında Kommunist Partiyasının rəhbər rolunu təsbit etmiş 6-cı maddənin ləğvi həmkarlar ittifaqlarının cəmiyyətdə müstəqil və sərbəst hüquqi fəaliyyəti onun yeni statusda müəyyənləşməsi üçün imkanlar açmışdır.
Lakin “köhnə həmkarlar” yeniləşmə meyillərini qəbul etməyə hazır olmadığından onların qloballaşmanın tələblərinə uyğun formalaşma prosesi ləng getmişdir.
Bir daha xatırlamağı lüzum bilirəm ki, həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin ən mühüm institutlarından biri olmaqla, digər sosial institutlardan özünəməxsus xüsusiyyətləri ilə seçilir.
İnkişaf etmiş Qərb ölkələrinin təcrübəsi göstərir ki, həmkarlar ittifaqları sivilizasiyalı cəmiyyətin ictimai zəruri institutu olmaqla, əmək münasibətlərinin sosial-hüquqi tənzimlənməsində müstəsna rol oynayırlar.
Həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev prezidentliyinin ilk yarım ilində - 24 fevral 1994-cü ildə cəmiyyətdə həmkarlar ittifaqlarının statusunu müəyyənləşdirən “Həmkarlar ittifaqları haqqında” Qanunu imzalamışdır.
Bu qanun ölkədə yeni tipli həmkarlar ittifaqı təşkilatlarının işinin müasir tələblər, sivilizasiyalı dövlətlərdə təşəkkül tapmış sosial institutların fəaliyyəti səviyyəsində qurulmasına mane olan yersiz cəhdləri aradan qaldırdı.
1998-ci ildə keçirilmiş AHİK-in I qurultayına Heydər Əliyevin ünvanladığı təbrik məktubunda oxuyuruq: “Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək, onların iş şəraitinin yaxşılaşdırılması, əməyin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda daha böyük əzmlə çalışmalıdır”.
İnamla, qətiyyətlə irəliləyən, inkişaf edən, dünya ölkələri içərisində öncül yerlərdə olan respublikamızın həmkarlar ittifaqları da möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi “....dünya təcrübəsindən faydalanaraq işlərin yenidən qurulmasını” ön plana çəkməlidir. Ölkə başçısının bu çağırışı hər bir həmkarlar ittifaqı təşkilatı üçün stimuldur.
Həmkarlar ittifaqı lideri iş vaxtının çox hissəsini təmtəraqlı kabinetdə yox, sıravi üzvlərin iş yerlərində keçirməlidir.
Vətəndaş cəmiyyəti quruculuğunda həmkarlar ittifaqlarının başlıca vəzifəsi tədricən köhnə ənənələrdən imtina edib, Qanunda nəzərdə tutulanları yerinə yetirməkdir.
Həmkarlar İttifaqlarının tərkibinə görə yekcins olmaması da onun fəaliyyətini kəsərsiz edən amillərdən biridir. Praktika göstərir ki, eyni müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqlarına sosial-iqtisadi mənafeləri ziddiyyət təşkil edən insanların üzv qəbul edilməsi onun professional fəaliyyətinə nüfuz gətirmir. Məsələn, direktorun və dülgərin eyni bir müəssisədə həmkarlar ittifaqına üzv olması bu qurumun funksiyaları baxımından məntiqə sığırmı?
Əlbəttə yox!
Belə üzvlük bütün hallarda həmkarlar ittifaqlarının işçinin əmək hüquqlarının müdafiəsi sahəsində real nəticələr əldə etməsinə mane olur. Mənafeləri uyğun gəlməyən üzvlərin fəaliyyət göstərdiyi hər bir kollektivdə mühüm uğurlara nail olmaq mümkün deyildir. Nədənsə 10 oktyabr 2006-cı il tarixli 153-III QD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Həmkarlar ittifaqı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci hissəsi (Müdiriyyətə daxil olan şəxslər həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü ola bilməz) çıxarılmışdır.
Bu gün sıravi işçi müəssisədə öz gündəlik həyatında nəzərəçarpacaq dəyişikliyi duymursa, təbii ki, belə halda həmkarlar ittifaqlarının müsbət faydalı iş əmsalından söhbət gedə bilməz.
Ulu öndər qeyd edirdi ki,həmkarlar itifaqlarının işi yaradıcı işdir,məsuliyyətli işdir,kim ehtimada layiq görülüb,həmkarlar itifaqlarında böyük və kicik bir işə irəli kəcilirsə,öz prinsipiallığı,düzlüyü,adamlara diqqətli münasibətilə kütlələrin etimadını doğrultmalıdı.
Həmkarlar ittifaqının üzvlük haqqının Qanunda nəzərdə tutulduğu kimi 4 iş günü müddətində müəssisə tərəfindən köçürülməli olduğu halda aylarla buna əməl edilmir. Üzvlük haqqının sahibi qalıb kənarda, işəgötürən və başqa səlahiyyət sahibləri qanunazidd olaraq, üzvlük haqqına sərəncam verirlər?!
Buna nə ad vermək olar?
Aydın olmayan hal odur ki, özünü həmkarlar ittifaqlarının lideri hesab edən kimsə ulu öndərimizin tələb etdiyi kimi “prinsipial mövqe tutaraq” qanunu pozan şəxslərlə belə halların hüquqi müstəvidə həllinə çalışmır. Belə çıxır ki, “dəymə mənə, dəyməyim sənə” prinsipi daha önəmlidir. Axı bu təkcə maliyyə məsələsi deyil, eyni zamanda həmkarlar ittifaqlarının nüfuz məsələsidir.
Möhtərəm prezidentimiz İlham Əliyev deyir: “ ...hamı qanun qarşısında bərabər olmalıdır. Heç bir kateqoriyadan olan insanlara heç bir güzəşt edilməməlidir. Hamı qanun qarşısında bərabərdir və hamı qanun qarşısında məsuliyyətini dərk etməlidir. Məhz o halda cəmiyyətdə tam şəkildə ədalət bərqərar olunacaqdır”.
Müsbət dəyişikliklərə nail olmaq üçün birinci növbədə “Həmkarlar ittifaqları haqqında” Qanunun tələblərinə ciddi əməl olunmalıdır. Qarşıda duran problemlərin həlli üçün əsaslı “islahatlar proqramı” hazırlanmalıdır.
Burada gecikmək olmaz, əks halda həmkarlar ittifaqları getdikcə öz nüfuzunu tamamilə itirə bilər. Proqram reallığa əsaslanmalıdır. Proqramda yalançı, gurultulu şüarçılığa, illüziyalara, ikimənalı heç bir şeyə yer olmamalıdır.
58 ildir həmkarlar ittifaqının üzvü və uzun müddət həmkarlar ittifaqları təhsil müəssisəsində çalışmış biri kimi bu barədə fikirlərimi bildirməyi özümə borc bilirəm.
1. Bu gün demək lazımdır ki, Azərbaycan həmkarlar ittifaqları öz qanuni potensialından tam istifadə etmir. Buna səbəb kimi müxtəlif obyektiv və subyektiv amillər göstərmək olar. Lakin bunun heç biri əsas vermir ki, həmkarlar ittifaqlarının nüfuzuna xələl gəlsin.
Burada əsas rolu həmkarlar ittifaqlarında çalışan kadr və fəallar oynayır. Onlara etimad göstərib o vəzifəyə seçiblərsə (çox təəssüf ki, bəzi hallarda təyin olunurlar) onlar vəzifəsini vicdanla yerinə yetirməlidirlər. Ulu öndər həmişə kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məsələlərinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində xüsusi əhəmiyyət kəsb etməsini qeyd edərək deyirdi ki, kadrların düzgün seçilməsi müvəffəqiyyətin açarıdır. İşgüzarlıq, yaxşı təşkilatçılıq keyfiyyətlərinin vacibliyini göstərərək, gündəlik fəal işin hay-küyçülük kompaniyasına çevrilməsinin əleyhinə olmuşdur.
AHİŞ-in XV qurultayında həmkarlar ittifaqları orqanlarında çalışan kadrların xüsusi təhsilli olmasına əhəmiyyət verərək demişdir: “...xüsusi həmkarlar ittifaqı təhsili olan şəxslərin sayı xeyli artmışdır”.
Həmkarlar ittifaqlarının kadr məsələlərində respublikamızda problem yoxdur. Çünki həmkarlar ittifaqlarının ali təhsilli kadr hazırlayan ali məktəbi - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının minlərlə məzunu var, onlarla təəssüf ki, həmkarlar ittifaqı orqanları maraqlanmır. Yarandığı gündən şəffaflıq prinsipi ilə fəaliyyət göstərən akademiyada “Həmkarlar ittifaqı hərəkatının əsasları”, “Sosial tərəfdaşlıq” və başqa sosial yönümlü fənlər tədris olunur. Bu təbii ki, həmkarlar ittifaqı işində öz lazımi bəhrəsini verər. Ona görə həmkarlar ittifaqı təhsil müəssisəsini bitirmiş vətəndaşların həmkarlar ittifaqları orqanlarında təyinatlı vəzifələrə qəbul edilməsi çox vacibdir. Onlar tez bir zamanda kollektivdə peşəkar həmkarlar itifaqları işçisi kimi yetişər.
2. Həmkarlar ittifaqına üzvlük könüllüdür. Lakin reallıqda işçi üzvlüyə qəbul olmaq üçün ərizə vermədən, onun rəyi nəzərə alınmadan avtomatik olaraq əməkhaqqından mühasibatlıqda üzvlük haqqı tutulur. Bu da kollektivdə haqlı inarazılıqlara səbəb olur. Hansı ki, həmkarlar ittifaqı təşkilatı elə səviyyədə iş aparmalıdır ki, işçi özü üzv olmağa səy göstərsin.Belə olmazsa həmkarlar ittiaqlarının güclü olmasından söhbət gedə bilməz.
3. Konfederasiyanın üzv təşkilatları qanunun və nizamnamələrinin tələblərini tam müstəqil yerinə yetirməlidirlər. Qanun tələblərinə ciddi əməl edilməlidir. Əks halda gələcəkdə Konfederasiyanın taleyi Şuranın taleyi kimi ola bilər.
4. Qanun çərçivəsində AHİK-ə üzv olmadan azad, müstəqil həmkarlar ittifaqlarının yaranmasına mane olmaq olmaz. Bu qorxulu deyil. Qorxulu eynilə keçmişlə mövcud olmaqdır. Qardaş Türkiyənin təcrübəsi göstərir ki, burada heç bir problem yoxdur.
5. Keçmişdə olan səhvlərimizi etiraf etməyi bacarmalıyıq. Prezidentimizin dediyi kimi “işlərin yenidən qurulması labüddür”. Bu məqsədlə geniş diskussiyalar təşkil etmək lazımdır, maraqları olan hər bir şəxs öz fikirlərini azad ifadə etsin.
6. Həmkarlar ittifaqları orqanlarından əməkhaqqı alan hər bir şəxs unutmamalıdır ki, aldığı əməkhaqqını əməkçi insanların verdiyi üzvlük haqqı təşkil edir. Deməli, ən ali insani prinsiplərdən olan halallıq prinsiplərinə ciddi əməl edərək, “maliyyə şəffaflığı” tam təmin olunmalıdır!
Nizamnamə və razılaşdırılmış müvafiq qərarlara uyğun olaraq, hər bir həmkarlar ittifaqları qurumu hesabında olan maliyyə vəsaitini sərbəst idarə etməlidir. Qanunda nəzərdə tutulmuş funksiyaları lazım gələndə yerinə yetirmək üçün ehtiyat fondu yaratmalıdır.
Müəyyən olunmuş müddətlərdə qurumda birləşən həmkarlar ittifaqı üzvlərinə hesabat verilməlidir. Həmkarlar ittifaqı üzvü bilməlidir ki, verdiyi üzvlük haqqı hara və nəyə sərf olunur.
7. Həmkarlar ittifaqlarının tərkibinə görə “yekcins” olmasına nail olmağa çalışmaq lazımdır.
8.”Sosial tərəfdaşlıq” haqqında qanunun hazırlanıb qəbul edilməsi üzrə iş aparılmalıdır. Bu sosial-iqtisadi münasibətlərin tənzimlənməsi üçün zəriridir.
9. Mütəmadi olaraq, sıravi üzvlərin fikirlərini öyrənmək məqsədilə qanunda nəzərdə tutulduğu kimi “sosioloji tədqiqat mərkəzləri” yaradılmalıdır.
Əminəm ki,respubilkamızda yüksək peşəkarlığı ilə secilən həmkarlar ittifaqları işçiləri bu istiqamətdə öz fikirlərini bildirməklə əsaslı dəyişikliklərin aparılmasına töhfə verəcəklər.
Həmkarlar ittifaqları həqiqi güc,nufuz sahibi olmaq istəyirsə mütləq sığorta şirkəti rolundan,asılılıqdan əl kəcib vətəndaş cəmiyyəti institutu olaraq respubilkamızda vətəndaş cəmiyyəti qurucluğunda yaxından iştirak etmək ücün Qanun tələbləri cərcivəsində islahatlara getməkdə gecikməməlidir.
İnanırıq ki,həmkarlar ittifaqları liderləri bu günün cağrışlarına əməl edərək, hər hansı haqsızlığa,sosial ədalətsizliyə qarşı mübarizə aparmaqla ulu öndərimiz Heydər Əliyevin ideyalarını şərəflə həyata kecirəcək.
P.S. Ümid edirəm ki, məni tanıyanlar bu qeydlərimi vəzifədən “hörmətlə” azad edilən bir şəxsin fikirləri kimi yox, vaxtaşırı mənim üçün doğma olan həmkarlar ittifaqı haqqında rəsmi tədbirlərdə, çıxışlarda, kadr və fəallarla görüşlərdə, məqalə və kitablarında prinsipial mövqedə olmuş müəllifin qeydləri kimi dəyərləndirəcəklər.
Hüseyn Qaraşov
Sosiologiya elmləri doktoru, professor