Fransada Milli Assambleyanın buraxılmasından sonra Prezident Emmanuel Makronun siyasi təcridi daha çox müzakirə olunmağa başlayıb. Son günlər isə onun Luvr Muzeyinə səfəri geniş rezonans doğurub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Luvr Muzeyinin direktoru mədəniyyət nazirinə ünvanladığı məktubda muzeyin bir çox hissəsinin qəzalı vəziyyətdə olduğunu, texniki avadanlıqların köhnəlməsini və temperatur dəyişikliklərinin konservasiya işlərinə təhlükə yaratdığını vurğulayıb. Həmçinin ziyarətçilər üçün şəraitin pisləşdiyini bildirib. Prezident Makron da bu narazılıqlar fonunda muzeyi ziyarət edib.
Lakin yerli mətbuat onun bu addımını siyasi məqsədlərlə izah edərək, zəifləmiş mövqeyini gücləndirmək və mandatını bərpa etmək cəhdi kimi qiymətləndirib. Hətta bu səfərin Parisin məşhur “Notre Dame” Katedralının təmirinə bənzər bir layihənin başlanğıcı kimi təqdim olunduğu iddia edilib.
Müzakirələr fonunda sosial şəbəkələrdə qəribə iddialar yayılıb. Belə ki, Luvrun təmiri üçün yüz milyonlarla avro lazım olduğu, dövlət borcunun isə rekord səviyyədə olduğu nəzərə alınaraq, Makronun muzeyin ən qiymətli əsərlərindən biri – “Mona Liza”nı satmaq niyyətində olduğu barədə şayiələr ortaya çıxıb.
Bu xəbər yayıldıqdan sonra “X” sosial şəbəkəsində minlərlə istifadəçi kəskin reaksiya verib. Bəzi paylaşımlarda “Sən abırsızsan, fransız irsini satmaq qəbuledilməzdir” kimi sərt ifadələr işlədilib. Digər istifadəçilər isə “Təmir edilmiş muzeyə heç kim gəlməyəcək, çünki hamı “Mona Liza”nı görmək üçün başqa yerə gedəcək” kimi ironiya ilə cavab veriblər.
Sosial mediada sürətlə yayılan bu iddialar “Feysbuk” və “TikTok” kimi platformalarda da geniş müzakirə edilib. Hətta mətbuatda bu xəbərin tamamilə yalan olduğu açıqlansa da, Makrona qarşı təhqir və tənqidlər səngiməyib.