Rusiya ailəyə dəstək üzrə qlobal hərəkatın təşəbbüskarına çevrilib...

29 Yanvar 2025 22:34 (UTC+04:00)

...Bir neçə gün bundan qabaq, dəqiq desək yanvarın 27-də Moskvada Xilaskar Məsih kafedralında Ailənin Mühafizəsi haqqında Beynəlxalq Bəyannamə imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu sənəd müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Rus Xalqları Şurasının, Pravoslav Qadınlar İttifaqının, Beynəlxalq Russofil Hərəkatının, BRİKS Forumunun və başqalarının nümayəndələrini bir araya toplayıb.

Belə ki, bəyannaməni imzalayanlar ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasının əsas prinsiplərini dəstəklədiklərini bildiriblər.

Bəyannamə bir neçə əsas müddəaları müəyyən edir. Onların arasında iki bioloji cinsin - kişi və qadının tanınması, nikahın kişi ilə qadının birliyi kimi müəyyən edilməsi və cəmiyyətin əsas vahidi kimi ailənin qorunması var.

Sənəddə dövlətin ailə işlərinə qarışmasının yolverilməzliyi və bioloji ailədə uşağın tərbiyəsinə üstünlük verilməsinin vacibliyi vurğulanır.

Uşaqların həm doğuşdan əvvəl, həm də doğuşdan sonra həyat və sağlamlığının qorunmasına da xüsusi diqqət yetirilir.

Qeyd edilir ki, bəyannamənin yaradılması təşəbbüsü Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill tərəfindən irəli sürülüb.

O, ailələrin, uşaqların və valideyn hüquqlarının müdafiəsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bu hərəkatın lideri ola bilər.

Nazlı Almuradova