Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb. SİA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi sənədin təfərrüatlarını paylaşıb.
Məlumata görə, bəyannamədə nəqliyyat və regional kommunikasiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planı öz əksini tapıb.
Bəyannamənin digər əsas məqamları bunlardır:
- qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə sadiq qalmaq;
- suverenliyə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərinə qarşı birgə hərəkətləri dəstəkləmək öhdəliyi götürmək;
- iqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi də daxil olmaqla, əsas sahələrdə potensialın tam şəkildə açılmasına dair öhdəlik götürmək;
- Orta dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış;
- Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarının bərpası və minalardan təmizlənməsi üzrə səylərini dəstəkləmək;
- Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, ticarət, nəqliyyat əməkdaşlığı və iqlim fəaliyyətində müsbət dəyişiklikləri dəstəkləmək;
- Azərbaycanın COP29 və AQEM-ə sədrliyini alqışlamaq;
- Mərkəzi Asiyada sabitliyin təmin edilməsində əsas amil kimi nəzərdən keçirilən Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı TDT çərçivəsində vahid yanaşmanın vacibliyinin vurğulanması;
- Qəzzada atəşkəs haqqında qərarı, onun ciddi şəkildə yerinə yetirilməsinə çağırışı alqışlanması və İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinə dəstək verilməsi.