Ceyhun Bayramov üçtərəfli görüşdə çıxış edib

29 Yanvar 2025 13:49 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan XİN başçısı çıxışı zamanı üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla geniş əməkdaşlıq sahələri mövcuddur.

Ceyhun Bayramov həmçinin Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanları qeyd edib.

Çıxışda mövcud regional potensialdan istifadə edərək Yaxın Şərq və Əfqanıstan da daxil olmaqla daha geniş regionun sülh, təhlükəsizlik və inkişafına töhfə verilməsi də vurğulanıb.