Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşü keçiriləcək

28 Yanvar 2025 19:28 (UTC+04:00)

Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli Xarici işlər, Ticarət və Nəqliyyat nazirlərinin görüşünün ikincisi sabah paytaxt Ankarada keçiriləcək.

SİA xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşdə Türkiyə tərəfini Xarici işlər naziri Hakan Fidan, Ticarət naziri Ömər Bolat və Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu təmsil edəcək. Görüşdə Azərbaycan nümayəndə heyətinə Xarici işlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxil olacaq. Özbəkistan heyətində isə Xarici işlər naziri Baxtiyar Səidov, Sərmayə, sənaye və ticarət naziri Laziz Kudratov və Nəqliyyat naziri İlham Mahkamov iştirak edəcək.

Görüşün gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı, eləcə də nəqliyyat və rabitə sektorlarında əməkdaşlığın gücləndirilməsi mövzularından ibarətdir.

Üçtərəfli görüşün sonunda Ankara Bəyannaməsinin imzalanması və üç ölkə tərəfindən izlənəcək konkret yol xəritəsinin müəyyən edilməsi gözlənilir.

Fidanın görüşün ilk gündəm maddəsi olan "Xarici siyasət məsələləri və regional əməkdaşlıq" çərçivəsində edəcəyi çıxışda Türk Dünyası daxilində həmrəylik və inteqrasiya səylərinin gücləndirilməsinin vacibliyini vurğulaması, həm Türk Dövlətləri Təşkilatı olaraq, həm də Türkiyə-Azərbaycan-Özbəkistan kimi mexanizmlərlə regional əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə diqqət çəkməsi gözlənilir.

Hakan Fidanın görüşdə Suriya, Qəzza, Rusiya-Ukrayna müharibəsi və Əfqanıstan kimi vacib hadisələrdə koordinasiyalı şəkildə hərəkət etməyin əhəmiyyətini vurğulaması da gözlənilir. Bu formatda görüşlərin ilki 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.