Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Van-Tehran sərnişin qatarlarının bilet satışına 20 fevralda başlanacağını bildirib.
SİA-nın məlumatına görə, nazir İranın Yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə paytaxt Ankarada bir araya gəlib. O, təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra verdiyi açıqlamada bu səfərin ölkələr arasındakı münasibətlərin daha da irəli aparılmasına töhfə verəcəyini qeyd edib.
Quru, hava və dəmir yolu daşımaları mövzularını müzakirə etdiklərini bildirən Uraloğlu gömrük keçidlərində daha sürətli hərəkət etmək mövzusunda da razılığa gəldiklərini vurğulayıb. Abdulkadir Uraloğlu "Van-Tehran sərnişin qatarlarının bilet satışına 20 fevralda başlayırıq" deyə bildirib.
Fərzanə Sadiq isə Türkiyə ilə daşımalar sahəsində əməkdaşlığı inkişaf etdirməyi hədəflədiklərini qeyd edib. O, "İran Türkiyə üçün Uzaq Şərqə və Şərqə açılan bir qapıdır. Türkiyə isə İran üçün Qərbə açılan bir qapıdır. İki ölkə arasındakı sərhəd əlaqələrinin artırılması tranzit yük daşımalarının həcminin artmasına da fayda verəcək" deyə bildirib.
Tehran-Van sərnişin qatarı səfərlərinin başlaması ilə bağlı razılaşmanın İran və Türkiyə arasında qarşılıqlı turist sayının artırılmasına töhfə verəcəyinə diqqət çəkən Sadiq iki ölkənin inkişafının bölgə ölkələri üçün də faydalı olacağını vurğulayaraq "İki ölkə arasında tranzit daşımalar sahəsindəki inkişaf və tərəqqi bölgəmizin sülh və sabitliyinə də töhfə verəcək" deyə qeyd edib.