Süni intellekt: bəşəriyyətin ən mükəmməl uğuru, yoxsa... - MÜSAHİBƏ

28 Yanvar 2025 15:57 (UTC+04:00)

Texnoloq Orxan Rzayevin SİA-ya müsahibəsini təqdim edirik:

- Süni intellektin əsas faydaları nələrdir?

- Bu texnologiya avtomatlaşdırmanı, işlərin effektivliyini, məlumatların sürətlə emal edilməsi, araşdırılması kimi məsələlərdə insanların işini ciddi şəkildə asanlaşdırır. Mən də artıq 1 ildən çoxdur ChatGPT proqramından istifadə edirəm və gündəlik asistentim rolunu oynayır. İşlə bağlı bir çox mövzuda, araşdırmalarda bu proqramın dəstəyini alıram.

- Hazırda süni intellektin istifadəsi geniş yayılıb. Gələcəkdə bu istifadə daha da arta bilərmi?

- Süni intellekt sadəcə bir trend deyil və istifadəsi daha da genişlənəcək. Bu texnologiya bir neçə ildir ki, insan həyatına daxil olub. O da internet kimi artan templə inkişaf edəcək.

- Süni intellekt həqiqətən insanların işsiz qalmasına səbəb ola bilər?

- Süni intellekt vasitəsilə robotların istehsalının artması və gündəlik həyata daxilolması gözlənilir. İlon Mask irəliləyən illərdə dünyada 10 milyard robot olacağını qeyd etdi. Süni intellekt və onunla əlaqəli texnologiyalar işləri daha çox görərsə, bu, işsizlik probleminə səbəb ola bilər. Lakin tarix göstərib ki, yeni texnologiyaların istehsalı ilə yeni peşə sahələri də meydana gəlib.

- Bəs süni intellektlə bağlı başqa hansı mənfi məqamlar ola bilər?

- Süni intellekt plaformaları, dataları analiz edib ortaya məlumatlar çıxarır. Bu da gələcəkdə gizlilik politikasına problem yarada bilər. Süni intellekt texnologiyaları hazırda işimizi rahatlaşdırır və bizə vaxt qazandırır. Bu texnologiyaların öyrənilməsi, imkanlarının xüsusən də iş prosesinə tətbiq edilməsi lazımdır. Riskli tərəfləri isə zaman göstərəcək və çox güman ki, bunun da qarşısı alınmağa çalışılacaq.

Ayaz Zeynalzadə