Marketlərdə satılan toyuqlara öldürücü dərmanlar qatılır? - AİB SƏDRİ DANIŞDI

28 Yanvar 2025 14:45 (UTC+04:00)

"Marketlərdə dərman vurulmayan broylerlər yetişdirilən toyuqlar satılır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: "Ümumiyyətlə onu biz bilək ki, Azərbaycanın istənilən yerində, ən hündür dağ kəndi belə azad gəzən toyuqlara, hətta kənd toyuqlarına da iynə vurulmasa, salamat qalmır. Mütləq onlara dərman verilir, iynə vurulur. Son 25 ildir artıq hər yerdə bu mövcuddur. Lakin broyler toyuqlarını tez yetişdirmək, ona müəyyən əmtəə görünüşü vermək üçün əlbəttə müəyyən dərmanlar, antibiotiklər vurulur ki, xəstələnməsinlər, qırılmasınlar və s. Son kəsimdən öncə bir həftə öncə yoxlanılır. Onların bədənində antibiotiklərin qalıqları yoxlanılır. Əgər zərərli bir səviyyədə deyilsə sonra kəsimə verilir. Yəni, insan üçün öldürücü dərman vurulmur. Bu səhv fikirdir.

Sadəcə olaraq onlarda hormonal preparatlar olur və broyler toyuqlarını daim müntəzəm yemək məsləhət görülmür. Əlbəttə, qidanın təhlükəsizliyi AQTA nəzarətdə saxlanılır, təmin olunur. Ona görə də öldürücü dərman anlayışı səhvdir. Belə bir dərman vurulmur. Əgər vurulan dərman toyuğu öldürmürsə, insanı necə öldürə bilər?! Üstəlik dərmanların da çeşidi və sair nəzarətdə saxlanılır.

Şübhəsiz ki, 3 cür toyuq var. Onlar arasında kənd toyuqları, azad toyuqlar daha üstündür. Azad toyuqlar tam azad bir şəraitdə otlayırlar, dənlənirlər, yarım azad toyuqlar yarım qapalı şəraitdə saxlanılır, havada saxlanılır və onlar da əksər hallarda broyler toyuqlarının yemləri ilə yemlənirlər. Lakin broyler toyuqları tam qapalı şəraitdə saxlanılır, tam baytar nəzarəti altında olur ki, tez yetişsin, tez böyüsün və s.

Bəzi adamlar deyirlər ki, dünya broyler toyuqlarından imtina etməlidir. Bu mümkün deyil. Onda insanlar böyük aclığa düçar olarlar. Dünyanın harasına getsən, hətta təyyarələrdə və s. mütləq toyuq əti verilir. Toyuq yumurtası, toyuq əti insanın qidasının zəruri bir hissəsidir. Onsuz yer üzündə aclıq baş verər. Yəni broyler toyuqlarınında öldürücü dərman yoxdur. Lakin daim müntəzəm onu yemək də doğru deyil".

Ayşən Vəli