Biz “Neftçi” ilə oynayacağımıza görə narahat olmamalıyıq” - Kolin Golson

28 Yanvar 2025 12:17 (UTC+04:00)

“Artıq “Sumqayıt”da daha sərbəst oynayıram”. SİA xəbər verir ki, “Sumqayıt”ın forvardı Kolin Golson klubun mətbuat xidmətinə açıqlama verib.

O, NTD-dən ayrıldıqdan sonra yeni kollektivdə özünü necə hiss etməsindən danışıb: “Doğrusu, özümü burada ailənin bir üzvü kimi hiss edirəm. Komanda yoldaşları kimi bir-birimizi yaxşı anlayırıq. Çalışırıq ki, bir yerdə daha çox vaxt keçirək”.

Amerikalı basketbolçu bloggerlik fəaliyyətindən də danışıb: “Bəli, mən basketbol oynamaqla yanaşı, həm də bloggerliklə məşğulam. Sumqayıt və Bakıda çəkdiyim videoların belə çox ajiotaja səbəb olacağını gözləmirdim. Videolarıma insanlar tərəfindən çox fərqli reaksiyalar da gəlir. Bəyənənlər də olur, buna təəccüblənənlər də tapılır”.

Golson sabah ölkə kubokunun 1/8 finalında qarşılaşacaqları “Neftçi” ilə bağlı fikirlərini də bölüşüb: “Neftçi” elə də güclü komanda deyil. Onlara qarşı oynamaq mümkündür. Onlar bizi daha çox təhlil etməlidir. Çünki, “Sumqayıt” onlara daha çətin anlar yaşada bilər. Biz “Neftçi” ilə oynayacağımıza görə narahat olmamalıyıq” .