Təqsirləndirilən şəxsin psixi vəziyyətinin öyrənilməsi üçün ekspertiza

28 Yanvar 2025 10:35 (UTC+04:00)

12 il əvvəl qətl törətməkdə təqsirləndirilən və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilən Rəşad Qaytaranov işi üzrə növbəti məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.

Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.

Qeyd edək ki, hadisə 2013-cü ildə baş verib. Rəsmi məlumata görə, Bakı şəhər sakini Ruslan Abbasova Rəşad Qaytaranov bıçaqla xəsarətlər yetirib. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun cinayəti törədərkən anlaqsız olmaslı nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.