Yanvarın 23-24-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasında səfərdə olub. Xarici İşlər Nazirliyindən SİA-ya bildirilib ki, yanvarın 23-də İslamabadda Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər.
Məsləhətləşmələr zamanı siyasət, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm sektorlarında və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.
Müzakirələr çərçivəsində Prezident İlham Əliyevin ötən il Pakistana dövlət səfəri və səfər çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıda keçirilən COP29-un Liderlər Sammitində iştirakı dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin dinamik inkişafında yeni mərhələ kimi dəyərləndirilib. Hər iki tərəf münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib.
Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.
Görüşdə tərəflər, eyni zamanda, beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.
E.Məmmədov, həmçinin Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İshaq Dar tərəfindən də qəbul edilib. Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsinin önəmi, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bundan başqa, yanvarın 24-də Elnur Məmmədov Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak və çıxış edib.