Bakının Xəzər rayonunda tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Nağı Quliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nağı Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Nağı Quliyev aralarında yaranmış mübahisə zamanı Əlisakit Məmmədova bıçaq zərbəsi vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.