Yeniyetmə taekvondoçularımız il ərzində hansı yarışlarda iştirak edəcək? - BAŞ MƏŞQÇİ DANIŞDI

24 Yanvar 2025 12:53 (UTC+04:00)

Taekvondo üzrə yeniyetmələrdən ibarət millinin baş məşqçisi Səbuhi Zülfiqarovun SİA-ya müsahibəsini təqdim edirik:

- Taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandaya baş məşqçi təyin olundunuz. Bununla bağlı nələr deyə bilərsiz?

- Baş məşqçisi təyin olunduğum üçün Azərbaycan Taekvondo Federasiyasına təşəkkürümü bildirirəm. Mənə bu etimadı göstərdikləri üçün minnətdaram. Həqiqətən çox məsuliyyətli və qürurverici bir peşədir.

- Baş məşqçi postu ilə bağlı təklif kim tərəfindən gəldi?

- Bu barədə təklif federasiyamızın vitse-prezidenti Hikmət Səmədov etdi. Məndə sevə-sevə qəbul elədim.

- Hazırda komanda ilə birgə təlim-məşq toplanışlarına start vermisiniz. Hazırlıqla bağlı nələr deyə bilərsiz?

- Yanvarın 19-dan Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışlarına başlamışıq. Təlimlərimizin ilk həftəsi fiziki məşqlərlə başlayıb, daha sonra texniki və taktiki hazırlıqlarla davam edəcəyik. Hazırda komanda da abu-hava yaxşı vəziyyətdədir.

- Milli komandanın hazırki durumunu necə dəyərləndirərdiniz?

- Əgər dəyərləndirməni əla, yaxşı və pis normativlərinə bölsək orta dəyərləndirərdim. Hazırki durum üçün hər şey normaldır.

- Komanda da hansısa dəyişikliklər etməyi düşünürsünüz?

- Hələki komanda da bir dəyişikliklər olmayacaq. Bizi qarşıda bir sıra yarışlar gözləyir. Bundan sonra komanda da hansısa dəyişiklik ola-olmaya da bilər. Bu uşaqlarımızın oradakı iştirakından asılıdır.

- Rəhbərlik tərəfindən qarşıya hansı hədəflər qoyulub?

- Əsas hədəf qarşıdakı dünya çempionatında yaxşı nəticələr əldə etməkdir. Bizdə bunun üçün çalışıb, əlimizdən gələni edəcəyik.

- Qarşıda yeniyetmə taekvondoçularımızın hansı yarışlarda iştirakı nəzərdə tutulub?

- Bu il ərzində komandamız bir sıra təlim-məşq toplanışlarında eyni zamanda da açıq beynəlxalq tunirlərdə iştirak edəcəklər. Dünya çempionatından öncə isə xarici ölkələrin birində Türkiyə, Rusiya, Özbəkistanında təlim-məşq toplanışı keçə bilərik.

Banuçiçək Hüseynli