Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

23 Yanvar 2025 20:10 (UTC+04:00)

Yanvarın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclası açan komitə sədri Arzu Nağıyev iclasın gündəliyindəki 7 məsələ barədə məlumat verib. O, əvvəlcə gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə hesabatı təqdim edib.

Gündəliyin ikinci məsələsi olan 2025-ci ilin yaz sessiyası üçün iş planı barədə danışan komitə sədri qeyd edib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Sonra komitə sədri Arzu Nağıyev gündəlikdəki qanun layihələrini təqdim edib.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun layihəsi haqqında məlumat verən komitə sədri qeyd edib ki, qanun layihəsində mövcud normaların daha aydın və birmənalı ifadə edilməsi məqsədi ilə dəyişikliklər təklif edilir və həmin dəyişikliklər mahiyyətcə dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.

Gündəliyin növbəti məsələsi olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair məlumatda bildirilib ki, layihə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsini nəzərdə tutur. Layihədə “korrupsiya” anlayışının yeni redaksiyada verilməsi təklif edilir.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, qanun layihəsi hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədilə hazırlanıb.

Gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar qeyd edilib ki, Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir (layihə üzrə 228.3-cü maddə). Eyni zamanda bu əmələ görə daha ağır sanksiya nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanununa təklif edilən dəyişikliyə əsasən, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi təklif edilir. Həmin Qanunun 18-ci maddəsinə təklif edilən dəyişiklik isə təkmilləşdirmə xarakteri daşıyır.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd edərək, yaz sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər. Deputatlar təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bildirərək sual və təkliflərini səsləndiriblər.

Komitənin sədri Arzu Nağıyev, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov və şöbənin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, sualları cavablandırıblar.

Müzakirələrin yekununda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib. Qanun layihələrinin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.