Türkiyəli nazir Abdulkadir Uraloğlu Çadda səfərdədir

23 Yanvar 2025 20:30 (UTC+04:00)

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Çadın xarici işlər, Afrika inteqrasiyası, xaricdə yaşayan çadlılar və beynəlxalq əməkdaşlıq naziri Abderaman Koulamallah ilə görüşüb.

İki nazirin görüşü Çadın paytaxtı Ncamenada Türkiyə-Çad Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq Qarışıq İqtisadi Komissiyasının (KEK) 2-ci Dövr Toplantısı öncəsi keçirilib.

SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlər dəyərləndirilib.

Türkiyənin son 20 ildə Afrika ilə ticarətini inkişaf etdirdiyinə diqqət çəkən Uraloğlu "Türkiyədən Çada 5 uçuş var, bunu inkişaf etdirməliyik. Həccə gedən müsəlman qardaşlarımız üçün əməkdaşlıq edə bilərik. Çaddan gələn ziyarət üçün də istənilən əməkdaşlığı edə bilərik" deyib.

Uraloğlu Çadda balıqçılığın da əhəmiyyətli bir sahə olduğunu və iki ölkənin balıqçı gəmiləri mövzusunda əməkdaşlıq edə biləcəyini ifadə edib.

Çad xarici işlər naziri Koulamallah da deyib: “Biz bilirik ki, Türkiyə nəqliyyat və infrastruktur sahəsində mütəxəssis ölkədir. Türkiyə ilə dəmir yolları sahəsində əməkdaşlığı inkişaf etdirməyi arzu edirik".