Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23 Yanvar 2025 18:08 (UTC+04:00)

Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri qonşuluq münasibətlərində nümunə göstərilir. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Heç də təsadüfi deyil ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri artıq müttəfiqlik səviyyəsinə yüksəlib.

Tarixə nəzər salsaq, Azərbaycan və Gürcüstan dövlətləri arasında əlaqələrin böyük ənənələrə malik olduğunu görərik. Ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliklərini yenidən bərpa edən iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Həmin vaxtdan etibarən qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Şübhəsiz münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır. Bu məsələdə prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Bu tarixi şəxsiyyətlər arasında dostluq münasibətləri əlaqələrimizin yüksələn xətlə inkişafına stimul oldu. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında 123 sənəd imzalanıb. Onu da qeyd edək ki, 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın qonşu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Göründüyü kimi atılan hər bir addım iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. O da məlumdur ki, Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Yanvarın 17-də ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və dövlətimizin başçısı İlham Əliyevin mətbuata birgə bəyanatlarında bir daha bu reallıqlara diqqət yönəldildi. İrakli Kobaxidzenin Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi münasibətlərimizin hazırkı inkişaf səviyyəsinə bir daha işıq saldı. “Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir” deyən cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu, onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri ilə regional inkişafın əsası qoyuldu. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri həyata keçirildi. İqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi. Azərbaycan və Gürcüstanın tranzit imkanlarının genişliyi uğurla həyata keçirilən layihələrdə özünün aydın ifadəsini tapır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Dövlət başçısı İlham Əliyev bildirdi ki, qaz ixrac coğrafiyamız genişlənəcək. Yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaq.

Azərbaycanla Gürcüstan yaşıl enerji layihələrini də uğurla həyata keçirirlər. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu gün yaşıl enerji bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bütün digər layihələr kimi, yaşıl enerji layihələri də uğurla həyata keçiriləcək.

Səfər çərçivəsində Orta Dəhliz layihəsi də əsas müzakirə mövzusu oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Görünən odur ki, iki ölkə arasında əlaqələr bütün sahələri əhatə etməklə yanaşı, ildən-ilə daha da möhkəmlənir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Azərbaycana, Prezident İlham Əliyevə etimadını bu fikirlərlə ifadə etdi: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur… Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir.”

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi