Yanvarın 23-də Milli Məclisin Elm və təhsil komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, iclası açan komitə sədri Anar İsgəndərov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.
Gündəlik barədə məlumat verən komitə sədri iclasın gündəliyinə 2 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabatı diqqətə çatdırıb.
Bildirilib ki, komitənin ötən sessiya ərzində keçirilən 9 iclasında 9 məsələyə baxılıb. Qeyd olunub ki, hesabat dövründə vətəndaşlardan komitənin ünvanına daxil olan 76 müraciətə baxılaraq, müvafiq tədbirlər görülüb. Bildirilib ki, komitə üzvləri eyni zamanda, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərin problemləri ilə bağlı fəal iş aparıblar.
Anar İsgəndərov Elm və təhsil komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı haqqında danışarkən diqqətə çatdırıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Müzakirədə komitə sədrinin müavini Fariz İsmayılzadə, komitə üzvləri Ceyhun Məmmədov, Əziz Ələkbərov, Tamam Cəfərova, Eldar Quliyev, Rəşad Mahmudov, Elnarə Akimova, Elçin Mirzəbəyli, Sevinc Fətəliyeva, Mehriban Vəliyeva, Şahin Seyidzadə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxış edənlər komitənin iş planı ilə bağlı təkliflərini səsləndiriblər, elm və təhsil sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
İclasda Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
İclasda deputatlar Bəxtiyar Əliyev, Afət Həsənova, Vasif Qafarov, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.