Arktika, Qrenlandiya və Kanada ilə bağlı CƏFƏNGİYYATLAR - TƏHLİL

23 Yanvar 2025 16:16 (UTC+04:00)

Amerikanın yenə də üstünlük qazanmaq istəyi özünü göstərir və yeni ABŞ prezidenti Trampın Arktika, Qrenlandiya və Kanada ilə bağlı fikirləri bunu təsdir edir. ABŞ tarixində hər bir liderin istədiyi kimi, Tramp da öz növbəsində ölkəsinin hansısa üstünlüyə sahib olmasına çalışır və Arktika ilə bağlı fikirləri də bu mənada başadüşüləndir. Amma məsələ burasındadır ki, reallıqlar tamam başqa məntiqi sonluq və uğursuz nəticələr vəd edir və ölkələrin öz suverenliklərini, müstəqilliklərini qoruması fonunda ABŞ liderinin fikirləri cəfəngiyyat kimi görünür.

Cəfəngiyyat kimi görünən bu məsələnin mahiyyəti maraq doğurmaya bilməz

“Politico” nəşri Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Ulrik Prama istinadən yazır ki, ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi "tarixdə ən qısa müharibə" olacaq. "Bu, dünyanın ən qısa müharibəsi olacaq, çünki Qrenlandiyanın müdafiə imkanları yoxdur və Üstünlük Amerikalılarındır", deyə ekspert vurğulayır. Amma bir sual hər kəsi düşündürür ki, görəsən, ABŞ NATO müttəfiqindən ərazini güc yolu ilə alacaqmı? Ümumiyyətlə, güc yolu haqqında düşünülürmü? Bu, yəni, NATO müttəfiqindən güc yolu, yaxud, hansısa yolla ərazini almaq, əlbəttə ki, cəfəngiyat və absurd görünür. Bununla belə, Trampın Qrenlandiyanı ilhaq etmək niyyəti və oğlunun adaya gözlənilməz səfəri ilə bağlı açıqlamaları, görünür, çoxlarını ciddi narahat edir. Müzakirələr də bu səbəbdəndir və dünyanın gündəmində bu məsələnin də yer alması bu baxımdan başadüşüləndir. Bütün dünya indi məhz ABŞ liderinin, yeni seçilən prezident Trampın hansı niyyətdə olduğu barədə düşünür və əslində, Amerika kimi beynəlxalq hüquqdan, normalardan dəm vuran ölkənin hansı vasitələrə əl atacağı, yaxud atmayacağı doğrudan da düşündürücüdür. İstənilən halda məsələnin kökündə nələrin dayandığı, cəfəngiyyat kimi görünən bu məsələnin mahiyyəti maraq doğurmaya bilməz. İstər Qrenlandiya, istərsə də Kanadanın Amerikaya birləşdirilməsi fikrinin haradan qaynaqlandığı, bunun arxasında nələrin dayandığı, ABŞ prezidentinin nəyi nəzərdə tutduğu məhz məsələnin mahiyyətini araşdırdıqdan sonra aydın olur və istənilən halda bəlli olur ki, bütün bunlar ancaq cəfəngiyyatdır.

Baş nazir Mette Frederiksenin narahatlığı və ABŞ prezidenti ilə əlaqə saxlamaq, danışmaq təklifi təsadüfi deyil

Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqə saxladığını və onunla danışmağı təklif etdiyini bildirib. Həqiqətən də danışıqların vacibliyinə çoxmu ciddi yanaşılır? Bəlkə qorxu yaranıb? Əgər qorxu yaranıbsa, bu qorxu nədən qaynaqlanır? Yaxud, Danimarkanın baş nazirinin əlaqə saxlamaqla bağlı təklifi nə üçün lazım bilinib? İstənilən halda bunun bir izahı var və ümid edirik ki, müvafiq analizdən, təhlildən sonra izahı ortaya çıxar.

Xatırladaq ki, bir qədər əvvəl məhz Qrenlandiya sakinlərinin guya ölkəyə qoşulmaq xahişi ilə bağlı video elə Trampın özü tərəfindən paylaşılmışdı. Əvvəllər də o, təkcə Qrenlandiyanı deyil, Kanadanı da ABŞ ərazisi kimi göstərən xəritəni paylaşmışdı. Bu faktların heç biri diqqətdən yayınan deyil və belə çıxır ki, nazir Mette Frederiksenin narahatlığının və ABŞ-ın yeni seçilmiş prezidenti ilə əlaqə saxlamaq niyyətini bildirməsi təsadüfi deyil.

Trampın “istəyinə’” Kanada tərəfindən kifayət qədər sərt reaksiya

Onu da diqqətə çatdıraq ki, Kanadadan məhz Trampa daha sərt və inamla cavab verilib. "Kanadanın ABŞ-ın bir hissəsi olmaq şansı cəhənnəmdəki qar dənəciyi misalındadır", deyən baş nazir Castin Trüdo bir növ bu istəyin, bu iddianın qarşısına bir “qara daş” atmış olub və Trampın xam xəyallarına çox sərt və kəskin cavab verib. Kanadanın xarici işlər naziri Melani Coli isə vurğulayıb ki, nəyin sayəsində Kanadanın güclü ölkə olduğunu, nəyin bu ölkəni güclü etdiyini anlamadığını Tramp sadəcə nümayiş etdirir. "İqtisadiyyatımız güclüdür, xalqımız güclüdür və təhdidlərdən heç vaxt geri çəkilməyəcəyik", deyə Kanadanın XİN rəhbəri özünün sosial şəbəkədəki səhifəsində yazıb. Bir sözlə, Trampın “istəyinə’” Kanada tərəfindən kifayət qədər sərt reaksiya verilib, özü də rəsmilər səviyyəsində.

Trampın sevimli məşğuliyyəti və məhz həmin məşğuliyyətinin köməyi ilə “siyasi xallar” qazanmaq niyyəti

Bir məqamı da diqqətə çatdıraq ki, Trampın və digər amerikalı siyasətçilərin bəyanatlarının dünyada böyük rezonans doğurduğu da göz önündədir. Etiraf etmək lazımdır ki, Kanada və Qrenlandiya ilə bağlı iddialar kifayət qədər əks-səda doğurub və bununla bağlı reaksiyalar məsələnin nə yerdə olduğunu, bəlkə də ciddiliyini göstərir. Ancaq bununla belə onu da başa düşməliyik ki, bu, Trampın sevimli məşğuliyyətidir və məhz belə bir məşğuliyyətinin köməyi ilə “siyasi xallar” qazanır. Elə məhz bunun köməyi ilə də potensiallı “qarşı tərəfə” təzyiq göstərməyə çalışır, onlardan maksimum sayda güzəştləri ələ keçirmək istəyir və bunun üçün bir növ təhdid diplomatiyasına əl atır.

Elə bu məqamda xatırlamaq yerinə düşərdi ki, Tramp məhz qonşularının ümumi bazardan “qidalanmasından” növbəti dəfə “şikayət” edərək, Meksikanın da ABŞ ştatına çevrilməsini təklif etmişdi. Bu, əlbəttə ki, Vladimir Jirinovskinin Hind okeanında çəkmələrini yumaq vədləri ruhunda və timsalında şokedici, hədsiz davranış, epotaj kimi diqqəti cəlb etməyə bilməzdi. Belə görünür ki, şokedici, hədsizlik kimi görünməsinə belə məhəl qoymadan Tramp öz “sevimli” məşğuliyyətini “buraxmaq” fikrində deyil və bu məşğuliyyətini “dövriyyədə” hələ çox saxlamaq niyyətindədir.

Kanada və Qrenlandiyanın ABŞ-a qoşulması məsələsi reallıqla qətiyyən üst-üstə düşmür

Kanada NATO və kollektiv Qərbin sütunlarından biridir. Bu ölkə G7-nin üzvüdür və dünyanın ən yaxşı on iqtisadiyyatından birinə sahibdir. Kanadanı “almaq” və ya ələ keçirməkmi istəyi, iddiası nə dərəcədə reallığa uyğun gələ, reallıqla üst-üstə düşə bilər? Həqiqətən də çox gülməli və absurd iddiadır. Bunun absurd və gülünc olduğu elə ilk yanaşmadan belə bəlli olur və hər halda oxucular da razılaşarlar ki, hansısa ölkəni “almaq” istəyi, fikri istənilən halda, xüsusən də indiki dövrdə ancaq gülüş doğura bilər.

Sözsüz ki, Kanada ABŞ ştatı olmaq istəsəydi, bunu çoxdan edə bilərdi. Amma tarixən ingilislər tərəfindən geri alınan Fransa müstəmləkəsi ABŞ-ın yarandığı ilk günlərdən belə “birləşməni” istəməyib, baxmayaraq ki, ABŞ tərəfindən məhz hərbi təhdidlər də daxil olmaqlar müxtəlif cəhdlər olub. O vaxtdan bəri Kanada güclü frankofoniya təsiri olan fərqli bir siyasi dövlətə çevrilib. Yerli elita həmişə ABŞ-ın kiçik tərəfdaşı olmaqla, lakin müstəqil və şərti olaraq neytral statusu qorumaqla qane olub və bununla da Kanada dünya müharibələrinə, eləcə də Amerikanın xarici siyasət macəralarına qarışmaqdan “qaça” bilib.

Kanada elitasını “ələ almaq” fantaziyaya belə sığışmır

Əslində, dövrümüzə qədər ABŞ özü də hər zaman belə bir vəziyyətdən, münasibətdən məmnun görünüb. Ölkələr qarasındakı sərhəd belə qorunmur və bu iki ölkənin faktiki olaraq, nəinki qorunmayan sərhədi, ümumi xokkey və basketbol liqaları, hətta ümumi raketdən müdafiə sistemi belə var. Bu zamana qədər Kanada elitası tamamilə “sadiq” hesab olunub. Təkcə siyasətdə deyil, bu ölkə ABŞ ilə həm də iqtisadiyyatda belə istənilən qarşılıqlı əlaqəyə hazır olub. Yeganə “tabu”, yəni, qəbul edilməyən, daha doğrusu, “qadağa” həmişə eyni sayılıb və bu müstəqillikdən imtina ilə bağlı olub. Yəni, kanadalılar üçün müstəqillikdən, suverenlikdən imtina ümimiyyətlə, müzakirə mövzusu belə ola bilməyib və sayılmayıb da. Bu vəziyyətin, bu tərzin, ümumiyyətlə, nəyinsə dəyişəcəyi ehtimalı yox dərəcəsindədir. Elə məhz buna görədir ki, Kanada siyasətçiləri Trampın sözlərinə kifayət qədər sərt reaksiya verirlər. Bir daha vurğulamaqdan çəkinmirik ki, Kanada elitasını “ələ almaq” fantaziyaya belə sığışmır və əminik ki, heç ABŞ da heç vaxt Kanada ilə müharibə etməyəcək.

Bu iki ölkənin birləşməsi, daha dəqiq desək, Kanadaının Amerikanın ştatına çevrilməsi ancaq ciddi dəyişiklik, kəskin zəifləmə, hətta iflas fonunda mümkün ola bilər. Daha dəqiq desək, birləşmənin yeganə mümkün variantı Kanada dövlətçiliyinin kəskin zəifləməsi, iqtisadi və siyasi kataklizmlər və ya qlobal müharibə fonunda düşünülə bilər. Amma bütün bunlar hələ də elmi fantastika olaraq görünür. Çünki sadalanan dəyişikliklər, kataklizmlər, zəifləmələr, iqtisadi iflas heç ağıla da gəlmir. Məhz elə Kanadanın XİN rəhbərinin dedikləri də bu məqamda xatırlanır və görürük ki, ölkəsinin iqtisadiyyatının, eləcə də xalqının güclü olduğu və təhdidlərdən heç vaxt geri çəkilməyəcəkləri barədə Melani Coli təsadüfi olaraq bəyan etməyib. Nazir bununla bildirib ki, Kanadanın məhz ABŞ ştatına çevrilməsi üçün olan “şərait” yoxdur və bununla o, əslində, bu barədə danışılanların cəfəngiyyatdan başqa bir şey olmadığını isbatlayıb.

Danimarka Qrenlandiyanın müstəqilliyinə icazə verir, lakin onun Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmaq ehtimalı azdır

Qrenlandiya ilə bağlı məsələ isə tamamilə fərqlidir. Beləki, Qrenlandiya müstəqil ölkə deyil, Danimarkanın ərazisidir, hansıki ona ayrılmaq hüququ verən muxtariyyəti var. Adada Kopenhagendən ayrılmaq istəyən çoxlu sayda insan var. Nəzəri olaraq, məhz bu ziddiyyətlər üzərində Tramp “oynamağa”, hansısa oyun qurmağa çalışa bilər. Amma Amerika lideri onu da başa düşür ki, bu istəyi də asan başa gələn deyil. Çünki ehtimalın az olduğunu nəinki bilir, hətta eşidir də. Məsələn, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, Danimarka Qrenlandiyanın müstəqilliyinə icazə verir, lakin onun Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmaq ehtimalı azdır. Yəqin ki, Danimarkanın XİN rəhbəri Rasmussenin nə demək istədiyini Tram daha yaxşı başa düşür...

Doğrudur, Qrenlandiyanın özündə çoxları eyni fikirdədir və Danimarkadan ayrılmaq fikri dominantlıq təşkil edir. Lakin diqqətə çatdırmaq yerinə düşərdi ki, Danimarkadan ayrılmaq istəyi ilə ABŞ-a qoşulmaq istəyi eyni deyil. Belə ki, bu yaxınlarda adanın müstəqilliyini müdafiə edən Qrenlandiya parlamentinin üzvü Kuno Fenker Danimarkanın onları ilhaq etməsindən şikayətlənərək, bu ssenarinin təkrarlanmasını istəmədiklərini, Qrenlandiyanın gələcəyini Qrenlandiya xalqının həll etməli olduğu barədə bildirib. Onu da bildirib ki, Vaşinqtonun Qrenlandiyanı “almaq”, ələ keçirmək “perspektivi” də ümumiyyətlə, “seçim variantı” sayıla bilməz.

Təbii ki, ayrı-ayrı siyasətçilərin fikirləri də fərli ola bilər. Məsələn, bir çox siyasətçilər düşünürlər ki, əgər Vaşinqton həqiqətən də Qrenlandiyanı ilhaq etmək istəsəydi, o, yerli elitanı satın almağa, əhaliyə böyük vədlər verməyə cəhd edərdi və Birləşmiş Ştatlara qoşulmaq üçün referenduma asanlıqla keçəcək müstəqillik referendumu ideyasını heç olmasa irəli sürə bilərdi. Teorik olaraq, yəni bir teoriya, nəzəriyyə olaraq bunun mümkün olması haqqında düşünə bilən olar. Amma çətin ki, praktikada bunun mükün olacağını ağlına gətirən tapıla və bu, həqiqətən də praktik olaraq müəmmalı sualdır.

ABŞ Arktikaya xüsusi əhəmiyyət verir və Rusiyanın, eləcə də Çinin orada güclənməsindən qorxur və “dişlərini qıcaması” da elə buna görədir

Büdcəni tarazlaşdırmaq və bahalı geosiyasi avantüralardan əl çəkmək vədləri əsasında kampaniya aparan Tramp bunun əvəzini ödəməyə hazırdırmı? ABŞ-ın adada artıq hərbi bazası olduğunu və saylarını genişləndirmək imkanlarının olduğunu nəzərə alsaq, buna ehtiyac varmı? Bir çox ekspertlər hesab edirlər ki, Birləşmiş Ştatlarda hüquqi “inklyuziya”, ərazilərin daxil edilməsi məhz ərazinin tamhüquqlu hərbi inkişafı üçün vacib şərtdir. Məhz burada, bu məqamda xatırlatmaq yerinə düşərdi ki, Qrenlandiyanın alınması məsələsi hələ 19-cu və 20-ci əsrin ortalarında da ABŞ tərəfindən qaldırılmış və Danimarka NATO-ya elə həmin təşkilatın yaradılmasından dərhal sonra daxil olduqdan etibarən ölkələr arasında müqavilə imzalanmışdır. Təsadüfi deyil ki, buna görə iki ölkə adanın birgə müdafiəsini həyata keçirir. Maraqlıdır ki, axı niyə işlər daha da “irəli” getmədi? Görünür, Vaşinqton adanı ilhaq etməyi heç zaman rentabelli saymayıb və bu vaxta qədər sərfəli hesab etməyib. Görəsən, indi dəyişən nə oldu axı?

Bəli, Tramp bu məqamda iddia edir ki, Rusiya və Çin gəmiləri artıq adanın sahillərində hərəkət edir və onları müşahidə cihazları olmadan belə görmək mümkündür. Ola bilsin ki, müşahidə cihazları məsələsi mübaliğədir, amma ümumilikdə o, hansısa mənada haqlı görünür, çünki son illərdə ABŞ Arktikaya xüsusi əhəmiyyət verir və Rusiyanın, eləcə də Çinin orada güclənməsindən qorxur, “dişlərini qıcaması” da elə buna görədir. Onu da diqqətə çatdıraq ki, 2021-ci ildə ABŞ Müdafiə Nazirliyinin “Arktika hökmranlığının bərpası” adlı sənədi dərc etməsi də təsadüfi sayıla bilməz. Görünən odur ki, Pentaqonun yenilənmiş “Arktika strategiyası” bölgəni Moskva və Pekin ilə “strateji qarşıdurma arenası” kimi potensial rəqiblər baxımından guya qorumağa əsaslanır. Nəzərə çatdıraq ki, həmin ildə, 2021-ci ildə “The National Interest” Arktikada “böyük güc rəqabəti”nin başladığını və ekspertlərin qeyd etdiyi kimi, Vaşinqtonun ancaq regionda daimi Amerika mövcudluğunu yaratması şərti ilə “qazanmaq şansı” olduğunu yazmışdı.

Bu gün ABŞ-ın Arktikada mövcudluğu sual altındadır

Bu gün ABŞ-ın məhz Arktikada yeganə mövcudluğu bir neçə hərbi bazanın yerləşdiyi Alyaskadır. Xüsusilə, sahil mühafizə bölmələri, 11-ci Hava Ordusu, iki briqada şəklində quru qoşunları, üstəlik bir ordu aviasiya briqadası və bir arxa briqadasından başqa heç nəyi yoxdur və kiçik bir torpaq sahəsində olanı məhz bundan ibarətdir. Praktiki olaraq, orada donanması belə yoxdur. Əsasən buzqıran gəmilərin belə olmaması fonunda bölgədə, hətta öz ərazilərində də tam hüquqlu hərbi mövcudluq sual altındadır. Belə çıxır ki, Tramp bundan əvvəl özünün son dövründə əraziləri ya müttəfiqlərdən “icarəyə götürmək” istəyirdi və görünən odur, heç kim verməyibmiş. İstənilən halda, təbii ki, “heç bir iş görülmədiyi” ortaya çıxır. Onu da xatırladaq ki, bir neçə il əvvəl Pentaqonun Alyaskada bir növ "irəli dəniz bazası" yaratmaq niyyəti barədə məlumatlar var idi, lakin bu gün informasiyaların olmamasından heç nə baş vermədiyi görünür.

Bununla belə, bütün NATO blokunun məhz ABŞ, Kanada, Danimarka, İslandiya, Norveç, Finlandiya, İsveç olmaqla Arktikada nəyə sahib olduğunu ümumiləşdirsək belə, olduqca incə məqamlar ortaya çıxır. Hər il bölgədə NATO təlimlərinin şahidi oluruq və müşahidə edirik ki, onların əsgərləri soyuqdan donur, texnikaları xarab olur, hansıki bu da onların qışda Arktikada döyüşməyə tam hazırlıqsız olduğunu göstərir. Daha dəqiq desək, Amerika kimi özünü hegemon sayan bir ölkənin hal-hazırda Arktikada mövcudluğunun sual altında olması bəlli olur.

21-ci əsrdə dünya hökmranlığın Arktikasız mümkün olmadığını düşünənlər “birləşdirmək” xülyasının da cəfəngiyyat olduğunu bilirlər

Belə məlum olur ki, Rusiya ilə rəqabət aparmağa yaxınlaşmaq üçün yeniləmə nöqteyi nəzərindən inqilabi proqramın lazım olduğu barədə düşünülür. Sözsüz ki, bu, çox böyük pul və vaxt tələb edən məsələdir. Hətta bunun üçün onilliklərin belə lazım olduğu bəllidir. Burada şişirtmə belə yoxdur. ABŞ Qrenlandiya və Kanadanı tam hərbi baza kimi alsa belə, bu, onun üçün çılpaq ərazidən başqa bir şey olmayacaq. Sözün əsl mənasında belə nəticə hasil olur. Sıfırdan yaradılması lazım olan və demək olar ki, heç bir infrastrukturu olmayan ərazi vəsait və vaxt tələb etsə də nəticə vəd etmir. Rusiyanın Arktika sahilləri 20-ci əsrdə vahid hərbi forpost kimi inkişaf etdirildiyi halda, ümumiyyətlə, heç nə vəd etmədiyi ortaya çıxır. Doğrudur, SSRİ-nin dağılması ilə bir çox şəhərlər və infrastruktur, o cümlədən hərbi infrastruktur bərbad vəziyyətə düşdü, lakin bu gün Rusiya regiona qayıdır və bunun üçün də sıfırdan başlayan ABŞ-dan məhz Moskva bərpa üçün qat-qat az “ehtiyac” duyur.

Bəli, amerikalılar hesab edirlər ki, 21-ci əsrdə dünyaya hökmranlıq Arktikasız mümkün deyil. Kanada və Qrenlandiyaya qarşı “təcavüzlər”, ilhaq və birləşdirmə niyyəti də bu istiqamətdə yalnız başlanğıcdır. Bu fikir və ideyanın hələ çox zaman gündəmdə qalma ehtimalı da böyükdür. Trampın öz fikrindən, məhz Arktika ilə bağlı, Qrenlandiya və Kanada ilə əlaqədar düşüncələrindən əl çəkmək istəməməsi də bunun fonundadır. Amma mövcud reallıqlar da diqqətdən yayınan deyil. Hər halda bu reallıqları Amerika lideri də yaxşı bilir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, bununla belə Tramp özü də istəklərinin, fikirlərinin, məhz Qrenlandiya və Kanadanı öz ölkəsinə birləşdirmək xülyasının cəfəngiyyatdan başqa bir şey olmadığının fərqindədir.