Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsi müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə baş tutub: "Görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözlənti və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, IMF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi ətrafında geniş fikir mübadiləsi apardıq. Həmçinin gələcəkdə pul siyasətinin ötürücülüyünün daha da artırılması və maliyyə sektorunun inkişafı məsələlərini də müzakirə etdik".
Azərbaycan 1992-ci ildə IMF-ə üzv olub. Fond 1995-2005-ci illərdə iqtisadi islahatlar proqramını dəstəkləmək üçün Azərbaycana 577,3 milyon ABŞ dolları kredit ayırıb. Azərbaycan Fondun kreditlərini tam ödəyib, 2005-ci ildən onun maliyyə vəsaitlərinə ehtiyacı olmayıb. 2006-cı ildən tərəflər Fondun Nizamnaməsinin IV Maddəsi üzrə məsləhətləşmələr və makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki yardım missiyaları çərçivəsində əməkdaşlıq edirlər.