Bakıda tarixi abidəyə müdaxilə olunub - FOTOLAR

23 Yanvar 2025 14:10 (UTC+04:00)

Bakıda tarixi abidəyə müdaxilə olunub. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5 min 595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkarlayıb.

Məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib:

"Əraziyə dəvət olunan aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb, qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub".

Bildirilib ki, buna baxmayaraq yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib:

"Aşkarlanan fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb. Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir".