"Məşqçilər çox peşəkardır" - MÜSAHİBƏ

23 Yanvar 2025 12:42 (UTC+04:00)

Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti Rene Starçeviç AGF-nin mətbuat xidmətinə müsahibə verib. SİA xəbər verir ki, o, Azərbaycandakı təlim-məşq toplanışını dəyərləndirib və Bakıya növbəti səfərinin səbəblərindən danışıb.

- Azərbaycandakı təlim-məşq prosesi haqqında nə deyə bilərsiniz?

- Əvvəlcə, dəvət üçün sizə təşəkkür edirəm ki, bizim Bakıya gəlmək imkanımız oldu. Burada ideal şərait var. Biz çox çalışırıq, məşqlər edirik. Məşqçilər də çox peşəkardır. Qızlarımız çox vaxtını burada, xalçanın üzərində keçirirlər. Bu da hər birinin daha yaxşı gimnast olmasına kömək edəcək.

- Bu, sizin paytaxtımıza ilk səfəriniz deyil. Yayda da burada olmusunuz.

- Bəli, bu, bizim ikinci səfərimizdir. Yayda buraya gəlmişdik. Bosniya və Herseqovina nümayəndə heyəti olaraq təcrübəmiz möhtəşəm oldu. Qızlarımız bir gün istirahət etdilər, muzeylərə getdilər, Bakının mərkəzini gəzdilər və hamısı buraya yenidən gəlmək istədiklərini dedilər. Biz məşqçilərdən dəvət aldıq ki, yenə gələ bilək və gələcəyik. Bura gözəl bir ölkə və gözəl şəhərdir.

- Yeni qaydalar haqqında nə deyə bilərsiniz? Bu qaydalar çox çətinlik yaradacaq?

- Kimsə deyə bilər ki, böyük dəyişikliklər yoxdur, amma əslində böyük dəyişikliklər var. Biz burada məşqçilərlə müzakirə aparırıq ki, yeni qaydaları daha yaxşı başa düşək, nə dəyişib, yeni nə var və s.

- Buraya 10 idmançı ilə gəlmisiz. Təlim-məşq toplanışlarında daha çox nələri hədəfləmisiniz?

- Gimnastlarımız Azərbaycanda məşq edirlər. Biz Avropa çempionatına və böyüklər arasında keçiriləcək dünya çempionatına qatılmaq istəyirik. Bu il üçün bizim ən vacib yarışlarımız bunlardır.