Sabunçuda ev quşlarının kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

23 Yanvar 2025 11:14 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonu, İ.Rəhimov küçəsi 14 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi məntəqəsində yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, fiziki şəxs Kərimov Ramiz Raqub oğluna məxsus müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Həmçinin qida təhlükəsizliyi sahəsində normativ tələblərə əməl edilmədiyi, kəsim üçün müəssisəyə daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, kəsimdən sonra quş ətinin keyfiyyətinə baytar həkim tərəfindən nəzarət olunmadığı müəyyən edilib. Eyni zamanda, müəssisədə satış məqsədi ilə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan 230 baş ev quşunun kəsildiyi aşkarlanıb.

Tələblərə uyğun olmayan quş cəmdəklərinin satışa çıxarılmasının qarşısı alınıb, məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.