Bu məntəqələr ölkənin bütün coğrafiyasını əhatə edir - Məzahir Pənahov

23 Yanvar 2025 09:49 (UTC+04:00)

Veb-kameralar quraşdırılan 1000 məntəqə ölkənin bütün coğrafiyasını əhatə edir. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, veb-kameralar məntəqələrdəki prosesin izlənilməsi baxımından ən yüksək səviyyədədir:

"2008-ci ildən Azərbaycanda seçki məntəqələrində veb-kameralar quraşdırılır. Demokratik, şəffaf, ədalətli seçkinin keçirilməsi üçün əlverişli mühit olmalıdır. Ona görə veb-kameraların quraşdırılması da Prezident sərəncamı ilə ölkə büdcəsi hesabına həyata keçirildi".

MSK sədri əlavə edib ki, seçki günü bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq:

"Heç bir icazə və qeydiyyat olmadan dünyanın hər yerindən həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkündür".

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.