Berlində beynəlxalq kinofestival başlayır

22 Yanvar 2025 20:14 (UTC+04:00)

Fevralın 13-dən 23-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək 75-ci Beynəlxalq Film Festivalında (Berlinale) 19 filmin “Qızıl ayı” böyük mükafat uğrunda mübarizə aparacağı açıqlanıb.

SİA-nın məlumatına görə, 75-ci Berlinalenin proqramı Berlinalenin direktoru Tricia Tuttleın iştirak etdiyi "Haus der Kulturen der Welt zalı"nda keçirilən mətbuat konfransında təqdim edilib.

Fevralın 13-də alman rejissoru Tom Tykverin “İşıq” (Das Licht) filmi ilə açılacaq festivalda 17-si dünya premyerası olmaqla 19 film böyük mükafat “Qızıl ayı” uğrunda mübarizə aparacaq.

Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə 74 ölkədən ümumilikdə 240 film nümayiş olunacaq.

Festivalda "Qızıl ayı" və "Gümüş ayı" mükafatlarını alacaq filmləri müəyyən edəcək münsiflər heyətinə amerikalı rejissor, ssenarist və prodüser Todd Haynes sədrlik edəcək, digər münsiflər heyəti daha sonra açıqlanacaq.

Builki Berlinale Fəxri Mükafatına layiq görülən şotland aktrisa Tilda Svinton mükafatını fevralın 13-də festivalın açılış qalasında alacaq.

Mükafatlar fevralın 22-də dünya şöhrətli aktyorların iştirakı gözlənilən festivalda qaliblərinə təqdim olunacaq.
Qeyd edək ki, Berlinale Kann və Venesiya festivalları ilə birlikdə dünyanın ən nüfuzlu film festivallarından sayılır. O, 1951-ci ildən keçirilir. Onun əsas mükafatı "Qızıl ayı"dır.