ABŞ-ın yeni dövlət katibi bir sıra ölkənin XİN rəhbəri ilə görüşüb

22 Yanvar 2025 19:04 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni dövlət katibi Marko Rubio Dördtərəfli Müdafiə Dialoqu (Quad) çərçivəsində Avstraliya, Yaponiya və Hindistanın xarici işlər nazirləri ilə görüşüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Marko Rubio Yaponiyanın xarici işlər naziri İvaya Takeşi, Avstraliyanın xarici işlər naziri Penni Vonq və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarı Vaşinqtonda qəbul edib.

Danışıqlarda Hind-Sakit okean regionunda təhlükəsizlik, iqtisadi imkanlar və beynəlxalq hüquq kimi məsələlər müzakirə edilib. Dörd ölkə, status-kvonun birtərəfli hərəkətlərlə dəyişdirilməsi cəhdlərinə qarşı olduqlarını bəyan ediblər. Bundan əlavə, AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında nüvə sualtı alyansı) və ikitərəfli müdafiə əməkdaşlığı kimi məsələlər də gündəmə gətirilib.

Quad, 2004-cü ildə humanitar məqsədlər üçün yaradılıb və 2007-ci ildə rəsmiləşdirilib. Alyans əsasən, Çinə qarşı strateji forum kimi fəaliyyət göstərir.