Françeska Albanese İsrailə reaksiya verdi

22 Yanvar 2025 17:54 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese dayandırılmayacağı təqdirdə İsrailin Qəzza zolağında törətdiyi soyqırımı işğal altındakı İordan çayının qərb sahilində də həyata keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.
SİA-nın məlumatına görə, Françeska Albanese İsrail ordusunun dünən İordan çayının qərb sahilinin şimalındakı ''Cenin'' qaçqınlar düşərgəsinə etdiyi hücumla bağlı paylaşım edib.
O, İsrailin Qəzzada atəşkəs razılaşmasının əldə olunmasından sonra "Cenin" Qaçqınlar Düşərgəsinə hücum etdiyini və bu hücumlar nəticəsində 10 fələstinlinin həyatını itirdiyini bildirib.
İsrailin İordan çayının qərb sahilində törətdiyi hücumlara reaksiya verən Françeska Albanese dayandırılmayacağı təqdirdə İsrailin yalnız Qəzza ilə kifayətlənməyəcəyini bildirib.
Qeyd edək ki, İsrail ordusunun dünən ''Cenin'' qaçqınlar düşərgəsinə təşkil etdiyi hücum nəticəsində biri uşaq olmaqla 10 fələstinli həyatını itirib, 35 nəfər isə yaralanıb.
''Cenin'' qaçqınlar düşərgəsinə hərbi maşın ilə daxil olan İsrail əsgərlərinin hücumlarını davam etdirdiyi bildirilib.