Azərbaycan və Gürcüstan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

22 Yanvar 2025 16:57 (UTC+04:00)

Azərbaycanın qonşu dövlətlərlə ikitərəfli əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verməsi, müasir tələblərə uyğun yeni istiqamətlərin təşviq edilməsi bugünkü reallıqlarda özünü aydın şəkildə göstərir. Xarici siyasətimizin əsas prioritetlərindən biri də qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsidir. Bu kontekstdə Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, bütün sahələrdə uğurla inkişaf edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri, iki dost və qardaş ölkənin tarixi əlaqələrinə yenidən diqqət yönəltdi. Bu səfərin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çünki bu, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk xarici səfəri idi. İlk səfərin Azərbaycana yönəlməsi, iki ölkənin münasibətlərinin yüksək inkişaf səviyyəsini bir daha təsdiqlədi. Prezident cənab İlham Əliyev Gürcüstanın Baş naziri ilə birgə bəyanatında, bu səfərin əhəmiyyətinə toxunaraq, onun son 10 ayda Azərbaycana üçüncü səfəri olduğunu qeyd etdi. Bu fakt Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin olduğunu nümayiş etdirir.

Daimi qarşılıqlı səfərlər əlaqələrin inkişafında əsas amillərdən biri hesab olunur. İki ölkənin liderləri arasında çoxsaylı görüşlər bunun bariz nümunəsidir. Ölkələr arasında imzalanan 123 sənəd bu münasibətlərin müxtəlif sahələrdə inkişafına mühüm töhfə verib. Azərbaycan və Gürcüstanı birləşdirən mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əsasında inkişaf edir. 1992-ci ildə qurulan diplomatik əlaqələr sonrakı illərdə sürətlə genişlənmiş, 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirlikləri açılmışdır. Həmçinin Batumi və Gəncə şəhərlərində fəaliyyət göstərən baş konsulluqlar bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Enerji və nəqliyyat-logistika sahələrində iki ölkənin birgə həyata keçirdiyi layihələr, regional əməkdaşlıqdan kənara çıxaraq qlobal enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarında xüsusi rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu kimi layihələr bu əməkdaşlığın parlaq nümunələridir. Azərbaycan vasitəsilə Gürcüstanın tranzit ölkə kimi əhəmiyyəti də artır. Məsələn, ötən il Azərbaycan Gürcüstan vasitəsilə 11 ölkəyə təbii qaz ixrac edib və bu rəqəm ildən-ilə artır.

Həmçinin, Azərbaycan və Gürcüstan yaşıl enerji layihələri üzərində sıx əməkdaşlıq edir. Bu sahədə böyük tələbat olan bazarlara yönəlmiş layihələr, tərəflərin əməkdaşlıq dinamikasını daha da gücləndirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu səfəri iki ölkə arasındakı strateji əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdi. Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı dinamikası, onların gələcəkdə daha da genişlənəcəyini və yeni sahələri əhatə edəcəyini göstərir. Baş nazirin fikrincə, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə birgə səylər davam etdirilməlidir. Azərbaycan onun üçün dəyərli dost, etibarlı tərəfdaş və qardaş ölkədir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri