Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb

22 Yanvar 2025 16:06 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb. DGK-dən SİA-ya bildirilib ki, komitə sədri görüşdən öncə Qusar şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.