İqtisadiyyat naziri bir sıra görüşlər keçirib - FOTOLAR

22 Yanvar 2025 15:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasına qatılıb. Nazirlikdən SİA-ya bildirilib ki, sessiya çərçivəsində uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi məsələləri istiqamətində müzakirələr aparılıb.

Tədbirdə iqtisadiyyat naziri Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş kimi fəal təşəbbüsləri, yaşıl enerji keçidi strategiyası haqqında məlumat verib. Ölkəmizdə həyata keçirilən günəş və külək enerjisinin istehsalı layihələri, eləcə də yaşıl enerjinin ixracı imkanları diqqətə çatdırılıb. Ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr iştirakçıların nəzərinə çatdırılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində Prezidentin köməkçisi Şahmar Mövsümov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovla birlikdə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausmanla görüş keçirib.

Görüşdə qlobal iqlim dəyişmələri ilə mübarizədə karbon emissiyalarının azaldılmasının və bərpaolunan enerjinin təşviqinin vacibliyi bildirilib. İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin birgə əməkdaşlığı ilə hazırlanmış qlobal “Yaşıl artım portalı”nın yaşıl keçid strategiyalarının təkmilləşdirilməsi və dayanıqlı inkişafın təşviqi baxımından əhəmiyyəti qeyd edilib. COP29 çərçivəsində həyata keçirilən səmərəli işbirliyi və gələcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın əmək bazarında həyata keçirdiyi islahatların, vergi sistemində tətbiq edilən təşviq mexanizmlərinin müsbət nəticələri vurğulanıb. Tərəflər dayanıqlı iqtisadiyyatın təşviqi istiqamətində aparılan təhlillərin əhəmiyyəti, gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüş keçirib.

Görüşdə Azərbaycanın enerji ekosistemində bərpaolunan enerji mənbələrinin payının artırılması imkanlarına baxılıb. Birgə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti və reallaşdırılan layihələr ətrafında müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində ABŞ-nin "Planet Labs PBC" şirkətinin baş maliyyə və əməliyyatlar direktoru Eliş Consonla görüşüb.

Şirkətin enerji və infrastruktur, kənd təsərrüfatı və digər sektorlarda qabaqcıl texnologiyaların geniş tətbiqi imkanlarına malik olduğu bildirilib. Bu texnologiyalardan istifadə edərək məhsuldarlığın artırılması imkanları barədə məlumat verilib.

Energetika, ekologiya, sahibkarlıq və digər sahələrdə innovativ həllərin tətbiqi ilə resursların optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb, şirkətlə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.