"Azərbaycan Kuboku bizim komanda üçün çox prioritet deyil”. SİA xəbər verir ki, bunu “Şəki" basketbol komandasının baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, daha çox çempionat haqqında düşünürlər: “Ancaq Kubok matçlarına da çıxıb, sonadək mübarizə aparacağıq. “Lənkəran"ı çempionatdan tanıyırıq. NTD-nin isə çox dəyərli məşqçiləri və millidə oynayan basketbolçuları var. A qrupunda autsayder olsa da, NTD yerli oyunçu baxımından çox güclüdür. Hansı komandanın gəlməsini istəməyim düzgün olmaz. Rəqibimiz kim olsa, qələbə üçün əlimizdən gələni edəcəyik. Yarımfinalda rəqib, böyük ehtimalla, "Sabah" olacaq. Kubokda 2 yerli oyunçudan istifadənin məcburi olması azərbaycanlı basketbolçularımızın Kubok matçlarına daha çox motivasiya olmasını şərtləndirəcək".
Qeyd edək ki, 1/4 final matçları 12-13 mart tarixlərində keçiriləcək. Bütün oyunlar Bakıda baş tutacaq.
Banuçiçək Hüseynli