Futzal üzrə “Neftçi” komandasının qapıçısı Zamin Qasanovun SİA-ya müsahibəsini təqdim edirik:
- Rusiyanın “Norilsk” komandasında çıxış edirdiniz. Komandadan atılmağınıza nə səbəb oldu?
- Ailə şəraitinə görə “Norilsk”i tərk etdim və vətənimə qayıtmaq qərarına gəldim.
- Bəs “Neftçi”yə keçidiniz necə baş tutdu?
- Artıq neçə ildir ki, Əjdərlə yaxşı münasibətimiz var. Hər dəfə məzuniyyətə gələndə onunla əlaqə saxlayıram. Bu dəfə də gələndə də mənə dedi ki, gəl məşqlərimizə bax. Məndə belə bir fürsəti qaçırmaq istəmədim və məşqlərinə sevinclə getməyə başladım. “Neftçi” komandası ilə bir həftə məşq etdikdən sonra bu klubda oynamaq təklifi aldım, bu çağırış məni sevindirdi. Sonra klub rəhbərliyi ilə danışdıqdan sonra komanda ilə müqavilə bağlamaq qərarına gəldim. Məni komandada çox yaxşı qarşıladılar, heyət çox mehribandır, həmişə mənə dəstək olurlar.
- Baş məşqçi ilə necə anlaşdız?
- Baş məşqçi ilə söhbət etdik. Sonra qarşısına mövsüm üçün qoyduğu şərtləri və məqsədləri izah etdi. Çox yüksək və iddialı hədəfləri var. Məşqçinin özü də vaxtında çox yaxşı oyunçu olub, futbola biliyi də çox yaxşıdır, nizam-intizamı çox sevir.
- Komandada əsas məqsədiniz nədir?
- Komandada əsas məqsədim çox çalışmaq və komandanın nəticə əldə etməsinə kömək etməkdir! Mən komandamızın hər bir oyunçusuna inanıram ki, biz bunu edə bilərik.
- “Neftçi”nin hazırkı durumu sizi qane edirmi?
- Bəli, hər şeydən razıyam.
- Komandada əhval-ruhiyyə necədir?
- Komandada əhval-ruhiyyə çox yaxşıdır. Hər kəs mübarizə ruhundadır. Bütün oğlanlar özlərini çox yaxşı hiss edirlər
- Rusiya və Azərbaycan futzalının fərqi nədir?
- Rusiyada futzal çox yaxşı inkişaf edib, çoxlu uşaq futzal məktəbləri, çoxlu liqalar və hər cür turnirlər var. Çox yüksək səviyyədədir. Rusiyada gərgin və aqressiv futbol oynayırlar. Azərbaycanda da yaxşı səviyyə var. Düşünürəm ki, Azərbaycanda uşaq futzal məktəbləri olsaydı, o zaman ölkədə çox yaxşı, keyfiyyətli futzalçılarımız olardı. Ümid edirəm ki, yaxın gələcəkdə bütün bunlar bizdə olacaq. Mən də istərdim ki, ali liqada komandaların sayı artsın.
Banuçiçək Hüseynli