İran iqtisadi sanksiyaların aradan qaldırılması üçün danışıqlara hazırdır

21 Yanvar 2025 19:54 (UTC+04:00)

İranın Xarici işlər nazirinin müavini Kazım Qəribabadi iqtisadi sanksiyaların aradan qaldırılması üçün danışıqlara hazır olduqlarını və digər tərəflərin də bu iradəyə sahib olmaları halında nəticə əldə ediləcəyini bildirib.

SİA xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Qəribabadi Cenevrə Konvensiyasının qəbulunun 75-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə jurnalistlərə açıqlamalar verib. O, deyib: "İran keçmişdə olduğu kimi sanksiyaların aradan qaldırılmasına yönəlik danışıqlara yenidən başlamağa hazırdır. Biz həmişə bu iradəyə sahib olmuşuq. Əgər digər tərəflər də bu iradəyə sahib olsalar, danışıqlar baş tutacaq və nəticələnəcəkdir."

Danışıqların yenidən başlaması və razılığa gəlinməsi üçün uyğun zəmin və imkanların mövcud olduğunu vurğulayan nazir müavini iqtisadi sanksiyaların xalqı mənfi təsirləndirdiyini, lakin hədəflərinə çatmadığını iddia edib. İranlı rəsmi, son günlərdə üç Avropa ölkəsi (Almaniya, İngiltərə və Fransa) ilə aparılan danışıqlara toxunaraq yeni bir müzakirə raundunun təşkil olunması və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəldiklərini qeyd edib.

Kazım Qəribabadi bildirib: "Yeni raundun tarixini birgə aparacağımız məsləhətləşmələr yolu ilə müəyyən edəcəyik. Danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub."