Britaniya Putinlə Trampın Ukrayna ilə bağlı razılaşmasından qorxur...

21 Yanvar 2025 18:35 (UTC+04:00)

...Britaniyanın “Daily Express” qəzeti öz nəşrində ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Ukrayna ilə bağlı razılaşmanın üçüncü dünya müharibəsinə gətirib çıxara biləcəyi fikrini bildirib.

SİA-nın məlumatına görə, jurnalistlər ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Xodcesin şərhlərinə istinad edirlər ki, bu, Moskvaya potensial olaraq NATO ölkələrinə hücum etmək imkanı verəcək.

Nəşr Xodcesin Rusiyanın niyyətləri ilə bağlı skeptisizmini qeyd edir. Amerikalı “şahin” hər an həm Ukraynaya, həm də digər NATO ölkələrinə hücum etməklə mövcud sülh sazişlərini poza biləcəyini və bunun qlobal münaqişə təhlükəsi yarada biləcəyini deyib.

...Xodcesin sözlərinə görə, Rusiya hazırda nəzarətində olan əraziləri sadəcə olaraq saxlamağa razı olmayacaq, çünki onun əsl məqsədi Ukraynanın bütün ərazisini hərtərəfli ələ keçirməkdir.

Qeyd edək ki, Ben Xodces Rusiya əleyhinə açıqlamaları ilə dəfələrlə medianın diqqət mərkəzində olub. Xüsusilə, o, ABŞ və Avropa ölkələrinin Ukrayna qoşunlarına 1991-ci il sərhədlərinə çıxışı təmin etməsində israr edib.

Bir müddət əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİKS ölkələrində dollarla rəqabət apara biləcək alternativ valyuta yaratmaq ideyasından əl çəkməsələr, sahibkarlara 100 faiz rüsum tətbiq edəcəyini açıqlamışdı. Tramp həmçinin Rusiyanın Ukrayna ilə bağlı razılaşmadan imtina edəcəyi təqdirdə onun üçün böyük problemlər olacağını proqnozlaşdırıb.

Əli Babayev