"Təəssüflər olsun ki, cəmiyyətimizdə ailədə hələ də həyat yoldaşı və ana arasında seçim var. Bunu da xüsusilə vurğulamaq istəyirəm ki, yalnız kişilərə məxsus deyil. Azərbaycan ailələrində həm kişi, həm də qadın öz anasının sözü ilə münasibətlərinə təsir edə bilir. Ənənəvi Azərbaycan mədəniyyətində də ana obrazı özəl psixoloji təsirə malikdir. Uşaqlıqdan bizim böyüdülməmiz, tərbiyələndirməmiz, təminatımız anaya bağlı olduğundan, aramızda duyğusal bağımız var. Çox vaxt kişilərdə də anaya emosional duyğu olduğundan, ondan gələn fikirlər və təriflər kişini daxili bir balanslı sütuna yansıtmış olur". Bu sözləri sosioloq İlahə Adil SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, ana ilə psixoloji bağ kişilərdə narahatçılıq və məsuliyyət hissini yarada bilir: "Kişi anasının gözləntilərinə və təriflərinə uyğun davranmağa çalışır, çünki o zaman özünü əsl kişi, cəmiyyətdə özünü doğru oğul kimi hiss edə bilir. Əgər o kişi anasına böyük hörmətlə yanaşırsa cəmiyyət tərəfindən “bu əsl kişidir, oğuldur” sözləri ilə dəstəklənir. Ananın kişiyə dəstəyi onun üçün təhlükəsiz və güvənli məkan yaradır. Ona görə Azərbaycan mədəniyyətində kişilər analarına çox bağlı olur. Bu zaman ana onun anası olmaq vəzifəsindən çıxıb, həyatının mərkəzində, bəşəriyyətində ilahi rolunu oynamağa başlayır. Bu da kişinin gələcəkdə olan həyat yoldaşı ilə münasibətlərinə böyük təsirlər göstərəcək. Burada artıq kişi üçün "alfa" onun anasıdır.
Psixologiyada “yeganəlik” faktoru vardır ki, burada mütəxəssis dəstəyi olmadan həmin yerdən o insanın rolunu götürmək olmaz. Bütün bunları nəzərə alaraq zaman gəlir və həmin oğlan böyüyür, mədəni, ənənəvi adətlərə görə ailə qurmalı olur. Burada artıq problemlər üzə çıxmağa başlayır ki, “mənim həyatımda artıq lider var idi, indi isə ikinci qadın gəlib”. Sual yaranır ki, mən bu qadını lidermi, yoxsa liderin köləsimi etməliyəm? Açıqı bu kişi üçün çox çətin suallardan biridir. Kişinin beyninə yürüdülmüş və psixoloji cəhətdən yeganə faktor olan bir ana və müəyyən bir hiss yaşadığımız, sevib seçdiyimiz bir qadın obrazı var".
Sosioloq həmçinin qeyd edib ki, həmin qadında artıq kişinin emosianal hissləri üzərindən müharibəyə başlayır və qadın hiss edir ki, bu daha çox anasını sevir: "Bu zaman ailə daxili qısqanclıqlar baş verir, yəni gəlin qaynanaya və ya əksinə münasibətlərdə anlaşılmazlıqlar baş verir. Qadın öz haqqı və hüququ olan, ailəsində yeganə “alfa" olmaq üçün kişi üzərindən mübarizəyə başlayır.Təəssüflər olsun ki, burda ən böyük zərbə kişilərə dəyir. Yəni dünyasında iki önəmli qadınlar arasında qalmalı olur. Bu da sonda çox çətin bir seçimə gətirib çıxarır. Həmçinin kişilərin xəyanət səbəblərindən biri də bu mövzu olur ki, onlar belə söz-söhbətdən başlarını qaçıb xilas olmaq üçün başqa insanlara meyil göstərir. Belə münaqişələr ömür boyu davam edir, sadəcə kişi ana üçün oğul faktoru, qadın üçündə ailə faktorudur.
Həmçinin bu barədə psixoloq Nizami Orucovda fikirlərini bildirib. Onun sözlərinə görə, kişi heç birinin tərəfini saxlamamalıdır: " Ailədə bu kimi hallarda kişi anası ilə yoldaşı arasında qalaraq üçbucaq yaratmamalıdır. Çünki bu halda konflikt vəziyyəti daha da uzana bilir və mürəkkəbləşir. Ən yaxşı variant kişi məsələdən uzaq olaraq, problemi anası ilə yoldaşının həll etməsini istəməsidir. Yəni heç bir şəkildə məsələyə qarışmamaq ən doğrusudur. Bu halda əmin olun ki, konflikt daha tez həll olacaq və aradaki hörmət də getməyəcək".