UNEC ilə Dünya Azərbaycanlı Alimlər Birliyi yeni təşəbbüsə imza atdı

21 Yanvar 2025 16:57 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektoru, professor Ədalət Muradov Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) üzvləri ilə görüşüb.

DAAB-nin sədri, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevin moderatorluğu ilə onlayn platforma üzərindən keçirilən görüşdə dünyanın müxtəlif qitələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı alimlər iştirak ediblər.

UNEC rektoru, professor Ədalət Muradov alimləri salamlayaraq, görüşün əsas məqsədinin ölkə elminin və təhsilinin dünya təhsil bazarında və elm məkanında mövqeyinin gücləndirilməsi, həmçinin Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılması olduğunu bildirib. Rektor bu istiqamətdə dünya azərbaycanlı alimlərinin önəmli roy oynaya biləcəklərini qeyd edib.

Professor Məsud Əfəndiyev UNEC-in bu təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanın elm və təhsilinin beynəlxalq aləmdə tanıdılmasında önəmli körpü rolunu oynayacağından əminliyini ifadə edib. O, UNEC-in təşkil etdiyi görüşün elm və təhsil sahəsində təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Sonra ABŞ, Kanada, Rusiya, Cənubi Koreya, Almaniya, Fransa, Türkiyə, Avstriya və digər ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər birgə əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürüblər. Təkliflər arasında birgə tədqiqatların aparılması, müştərək elmi əsərlərin hazırlanması, elmi jurnalların nəşri, beynəlxalq elmi konfransların təşkili, təhsil iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması, gənc alimlərin inkişafına yönəlmiş mentorluq proqramlarının təşkili kimi önəmli məqamlar yer alıb. Həmçinin, məqalələrin keyfiyyətinin artırılması, araşdırma mövzularının müəyyənləşdirilməsi, alimlərin beynəlxalq konfranslarda iştirakının təmin edilməsi, elmi layihələrin strateji idarə olunması, yumşaq bacarıqların elmdə tətbiqi, gənc alimlərin beynəlxalq təşkilatlarda fəaliyyətə cəlb edilməsi, beynəlxalq akkreditasiyanın təmin edilməsi barədə əməkdaşlıq təklifləri səsləndirilib. Alimlər arasında şəbəkələşmənin (networking) yaradılması və əməkdaşlığın effektivliyinin artırılması məqsədilə ölkələr üzrə koordinatorların müəyyənləşdirilməsi də qərara alınıb.

Görüşün sonunda rektor Ədalət Muradov UNEC-də “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: Məktəbdən elmə” adlı iki təşəbbüsə start verildiyini diqqətə çatdırıb. O, azərbaycanlı alimləri bu təşəbbüsə qoşularaq, onları ölkə elminin inkişafına dəstək verməyə, eləcə də məktəblərdə elmin əhəmiyyəti ilə bağlı təbliğatın aparılmasına dəstək göstərilməsinə dəvət edib.