Virusa yoluxmuşam - GÜLƏŞÇİ DANIŞDI

21 Yanvar 2025 15:44 (UTC+04:00)

“Son zamanlar Azərbaycanda geniş yayılmış virusa məndə yoluxmuşam”. Bunu SİA-ya Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

O, güləş üzrə ilin ilk yarışı olan “Zaqreb Open” turnirinə hazırlığı ilə bağlı danışıb.

Əzizli bildirib ki, xəstə olduğu hazırda özünü yaxşı hiss etmir: “Sabah yığma komanda ilə birlikdə təlim-məşq toplanışlarına başlayacağıq. Yəqin ki, mən 3-4 gündən sonra heyətə geri dönəcəm. Amma qayıtdıqdan sonra bizim son tapşırıqlarımız olacaq. Əlimdən gələni edib hər şeyi yüksək səviyyəyə çatdıracam. Sadəcə bu xəstəlik məni çox geri saldı”.

Onun sözlərinə görə, “Zaqreb Open” turniri onun üçün önəmli deyil: “Sadəcə olaraq burada yoxlanış üçün iştirak edəcəm. Öz çəkimdə deyil daha yüksək çəkidə güləşəcəm. Əsas yarışımız isə Avropa çempionatıdır. 65 kiloqramda mübarizə aparan idmançıların əksəriyyətini tanıyıram. Lakin xüsusi olaraq kimisə analiz etməmişəm. Təlim-məşq toplanışlarını isə Bakıda daha sonra isə dərhal Zaqrebə yola düşəcəyik. Yarış bitdikdən sonra isə bütün güləş ölkələri hamısı orada olacaq. 2 həftə müddətində elə Zaqrebdə Avropa çempionatı üçün təlim-məşq toplanışlarımızı keçəcəyik. Bu yarış ilin ilk yarışıdır. İlin reytinq turniridir. Elə çəkilər var ki, bu önəmli yarışdır”.

Qeyd edək ki, fevralın 5-9 tarixlərində keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə ölkəmizi Rəşad Məmmədov ( 55 kq), Nihad Məmmədli (60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov (hər ikisi 67 kq), Ülvü Qənizadə, Ruslan Abdullayev (hər ikisi 72 kq), Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi 77 kq), Qurban Qurbanov (82 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki, Sərxan Məmmədov (hər ikisi 130 kq) təmsil edəcək.